Aylıq namaz vaxtları
5. 089 dəfə oxunub ,   0 şərh   Çap et

Azan və iqamə oxuyanlar aşağıdakılara riayət etməlidirlər:

Namaz vaxtının girməsi: Hələ vaxt girməmiş namaz üçün azan oxumaq caiz deyil. Əgər vaxt girməzdən əvvəl azan oxunubsa yenidən oxunmalıdır.

Azan ərəbcə olmalıdır. Ərəbcə azanın sözləri dillərindən asılı olmayaraq bütün dünya müsəlmanları üçün dəyişməzdir. Hənəfi və hənbəlilərə görə azan Qurani-Kərim kimi ərəbcə gəldiyi üçün bunun başqa dildə oxunması caiz deyil.

Azan və iqamə camaata eşitdirilməlidir. Təkbaşına namaz qılanın özünün eşidəcəyi səslə əzan və iqamə oxuması kifayətdir.

Azan və iqamənin sözləri arasında tərtib və ardıcıllıq olmalıdır. Tərtib və ardıcıllığa riayət etmədən azan oxumaq məkruhdur. Tərtibə riayət olunmadan oxunan azan və iqamə təkrar oxunmalıdır. Azan və iqamə oxuyan şəxs bu əsnada danışmamalı, salam verənin salamını almamalıdır.

Azanı bir nəfər oxumalıdır. Lakin birdən çox insanın azanı ayrı-ayrı tam olaraq oxuması da caiz sayılmışdır. 

Oxuyan kişi olmalıdır. Müəzzinin kişi, ağlı başında, təqvalı, sünnəni və namaz vaxtlarını bilən bir şəxsin olması müstəhəbdir. Cahillərin və fasiqlərin azan oxumaları məkruhdur. Qadınların, yaddaşı zəif olanların , cünub olan şəxsin azan və ya iqamə oxuması məkruhdur. Onların oxuduğu iqamə səhih olsa da, oxuduqları azan yenidən oxunmalıdır. Çünki azanın təkrarlanması cümə günündə olduğu kimi caizdir. Belə ki, Hz. Osman (r.a) dövrünədək cümə günü imam minbərə oturanda məscid daxilində azan oxunarkən, Hz. Osman (r.a) əhalinin çoxluğu və şəhərin böyüməsi səbəbilə Məscidi-Nəbi ilə bazar arasındakı Zərvada ikinci azan oxunmasını əmr etmişdir.[1]

 Dəstəmazsız olanların da azan və iqamə oxumaları məkruhdur. Hədisdə “yalnız dəstəmazlı kimsə azan oxuyar[2] – buyurulmuşdur.

Müəzzinin səsi gur və gözəl olmalıdır. Çünki bu zaman azanı eşitdirmək və elan etmək daha asandır. Dəlil bu hədisdir: “Hz. Peyğəmbər (s.ə.s) iyirmi nəfərə azanı oxumalarını əmr etdi, onlar da oxudular. Əbu Məhzurənin (r.a) səsi xoşuna gəldi və ona azanı öyrətdi.”[3]

Müəzzinin azan oxuyarkən şəhadət barmaqlarını xarici qulaq keçəcəyində tutması məndubdur. Allah Rəsulu (s.ə.s) Hz. Bilala (r.a): “şəhadət barmaqlarını  (xarici) qulaq keçəcəyinə qoy. Belə etsən səsin daha çox çıxar.”[4]˗ buyurmuşdur

Azan yüksək yerdən və ya minarədən ayaq üstə oxunmalıdır. Ürvə İbn Zübeyr Bəni Nəccardan olan xanımının belə dediyini rəvayət etmişdir:

“Mənim evim Məscidi-Nəbəvinin ətrafında ən yüksək ev idi. Bilal sübh azanını bu evin üstündən oxuyardı. Bilal sübh tezdən gəlib evin üstündə oturaraq namazın vaxtını gözləyərdi. Dan yerinin ağarmasını (fəcrin doğmasını) görəndə isə azan oxuyardı.”[5]

Azan oxunarkən iki kəlmə arasında dayanaraq kəlmələr uzadılır, iqamə oxunarkən isə iki kəlmə birləşdirilərək sürətli oxunur. Hədisdə, “Ey Bilal! Azan oxuyanda kəlmələri uzadaraq yavaş-yavaş oxu, iqamə oxuyarkən də sürətli oxu”[6] – buyurulmuşdur.

Azan və iqamə oxuyanda müəzzin qibləyə tərəf dayanmalıdır. “Hayyə aləs-saləh” deyərkən sağ tərəfə, “hayyə aləl-fələh” deyərkən də sol tərəfə dönməli, minarədə isə sağ tərəfdən sol tərəfə doğru fırlanaraq oxumalıdır. Azanda səsin ucadan çıxması üçün iki barmağının uclarını iki qulağına qoymalıdır. Əbu Cühəfədən (r.a) belə dediyi rəvayət edilmişdir: “Bilalın azan oxuduğunu gördüm. O üzünü sağa-sola çevirir, “Hayyə aləs-saləh, hayyə aləl-fələh” deyirdi. İki barmağı da iki qulağında idi.”[7]

Azan və iqamə vaxt namazları və qəza namazları üçün sünnədir. Çünki azan və iqamə vaxtın deyil, namazın sünnəsi olduğu üçün qəza namazı qılarkən də azan və iqamə  gətirmək sünnədir. Əbu Hüreyrədən (r.a) edilən rəvayətə görə, Nəbi (s.ə.s) və əshabı Xeybər müharibəsindən qayıdarkən gecəni yolda keçirmişlər və Bilal Həbəşini növbətçi qoymuşdular. Ancaq çox yorğun olan Bilal (r.a) da yatıb qaldığı üçün sübh namazına dura bilməmişdilər. Günəş yüksəldikdən sonra dəstəmaz almış, Bilal azan oxumuş, iki rükət namaz qıldıqdan sonra iqamə gətirmiş və sübh namazının iki rükət fərzini qılmışdılar.[8]

Birdən çox qəza namazı qılınacaqsa, məkanın eyni və ya müxtəlif olmasına baxmayaraq, hər bir namaz üçün ayrı-ayrı azan və iqamə gətirilməsi daha fəzilətli hesab edilmişdir. Bununla yanaşı eyni yerdə birdən çox qəza namazı qılınacaqsa, ilk qəza ediləcək namaz üçün azan və iqamə, digərləri üçün yalnız iqamə gətirmək kifayətdir. Həmçinin Rəsulullah (s.ə.s) Xəndək müharibəsində üç vaxt namaz vaxtında qılına bilmədiyi üçün eyni günün gecə namazı vaxtında Bilala (r.a) azan və iqamə oxumasını bildirmiş və günorta namazını qıldırmışdı. Sonra iqamə ilə ikindi, ardından iqamə ilə axşam və sonra da iqamə ilə gecə namazını qıldırmışdı.[9]

İmam Malikə görə qəza namazları üçün yalnız iqamə gətirilər, azan oxumağa ehtiyac yoxdur. İstinad etdiyi dəlil Xəndək müharibəsində qəzaya qalan namazlar üçün Allah Rəsulunun Bilala (r.a) yalnız iqamə gətirməsini əmr etməsidir.[10] İmam Malik hədisdə qeyd edilən azanın, həmin günki öz vaxtında oxunan gecə azanı olduğu fikrindədir.

Azanla iqamə arasında bir az fasilə vermək məqsədəuyğundur. Bu fasilə axşam azanından sonra üç qısa ayə oxunulacaq qədər, digər vaxtlarda isə hər iki rükətində on iki ayə oxunaraq iki və ya dörd rükət namaz qılacaq qədər olmalıdır. Dəlil bu hədisdir: “Ey Bilal! Azanla iqamə arasında yemək yeyən kimsənin yeməyini qurtarıb, adi qaydada ehtiyacını təmin edəcək qədər müddət gözlə.”[11]

İqamə ilə namaz arasına yemək, içmək, yuyunmaq kimi bir fasilə girərsə, iqaməni yenidən oxumaq lazımdır. Lakin iqaməni oxuyan kəs iqamədən sonra sünnəni qılsa və ya imam iqamədən sonra gəlsə təkrar iqamə oxumağa ehtiyac yoxdur.

Müəzzin mükafatını Allahdan umaraq azan oxumalıdır. Çünki səhabələrdən Osman İbn Əbül-As (r.a) Hz. Peyğəmbərin (s.ə.s)  yanına gələrək, “məni qövmümə imam təyin et” dedikdə, Allahın Elçisi (s.ə.s)  belə buyurmuşdur: “Sən onların imamısan, ən zəiflərini ölçü götür və oxuyacağı azana görə əvəz (pul) almayacaq müəzzin seç.”[12]

Qadınların istər təkbaşına, istərsə də camaatla, istər əda, istərsə də qəza namazı qılanda azan və iqamə oxumaları məkruhdur.


[1] Əbu Davud, Səlat, 219; Nəsai, Cümə, H. No: 1493; Tirmizi, Cümə, H. No: 516; İbn Macə, Cümə, H. No: 1135.
[2] Tirmizi, Səlat, 33; Sənani, Sübülus-Salam, I, 129.
[3] Darimi, Səlat, 7.
[4] Zeyləi, Nasbur-rayə, I, 278
[5] Zeyləi, Nəsbur-Rayə, I, 292.
[6] Tirmizi, Səlat, 29.
[7] Sənani, Sübulus-səlam, I, 122; Şövqani, Neylul-Əvtar., II, 46.
[8] Əbu Davud, Səlat, 11, H. No: 435, 443; Nəsai, Məvaqit, 54, 55; Əhməd ibn Hənbəl, IV, 444;
[9] Heysəmi, Məcməüz-Zəvaid, II, 4; Şövqani, e.a.ə., I, 359, II, 60.
[10] Darimi, Səlat, 186; Nəsai, Məvaqit, 55, Azan, 23; Əhməd ibn Hənbəl, III, 25.
[11] Əhməd ibn Hənbəl, Müsnəd, V, 143.
[12]Əbu Davud, Səlat, 39, H. No: 531; Tirmizi, Səlat, 41; Nəsai, Azan, 32; İbn Macə, Azan, 3; Əhməd ibn Hənbəl, IV, 217.


Açar sözləri

azan iqamə oxumaq şərtləri

Bənzər məqalələr

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

İqamənin şərtləri

Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar. Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.

Namaz xaricində azan oxumaq olar?

Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar: Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.

Azanı necə dinləmək lazımdır?

Azan oxunarkən yaxşı olar ki, eşidənlər söhbəti dayandırsın. Hətta Quran oxuyanın da azanı dinləməsi daha fəzilətlidir. Məsciddə və ya öz evində Qurani-Kərim oxuyan oxumağı davam etdirə bilər deyənlər də var.

Azanın mənası və əhəmiyyəti

Azan sözünün mənası “eşitdirmək, bildirmək” deməkdir. Termin olaraq isə, fərz namazların vaxtlarını bildirən, xüsusi sözlərdən ibarət elana azan, azan oxuyana da “müəzzin” deyilir. Fərz namazlar üçün azan oxunması, yəni bu namazların qılınacağının elan edilməsi Kitab və Sünnə ilə bildirilmişdir.


Şərh yaz

*