Aylıq namaz vaxtları
215 dəfə oxunub ,   0 şərh   Çap et

Əbu Zərr Əl-Qifarinin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  belə buyurur:

إِنِّي أَرَى مَا لَا تَرَوْنَ، وَأَسْمَعُ مَا لَا تَسْمَعُونَ أَطَّتِ السَّمَاءُ، وَحُقَّ لَهَا أَنْ تَئِطَّ مَا فِيهَا مَوْضِعُ أَرْبَعِ أَصَابِعَ إِلَّا وَمَلَكٌ وَاضِعٌ جَبْهَتَهُ سَاجِدًا لِلَّهِ، وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا، وَمَا تَلَذَّذْتُمْ بِالنِّسَاءِ عَلَى الفُرُشِ وَلَخَرَجْتُمْ إِلَى الصُّعُدَاتِ تَجْأَرُونَ إِلَى اللَّهِ، لَوَدِدْتُ أَنِّي كُنْتُ شَجَرَةً تُعْضَدُ

“Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm. Səma uğuldadı, uğuldamaq da ona haqq oldu. Səmada dörd barmaq sığacaq qədər boş yer yoxdur. Hər tərəfdə Allaha səcdə üçün alnını qoymuş bir mələk vardır. Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız; yatdığınız yataqlarda qadınlardan ləzzət almağı tərk edər; yollara, çöllərə tökülər, (başınızdakı bu bəlanı dəf eləməsi üçün) Allaha yalvar-yaxar olardınız.”

(Əbu Zərr (r.a) bunun sonunda “Kaş çıxarılan ağac olaydım.”[1] Əvvəla, bunu qeyd etmək yerinə düşərdi ki, insan Allahdan bildiyi, tanıdığı qədər qorxur və Onun mərhəmətinə ümidlə bağlanır. Həmçinin tanıdığı, dərk etdiyi qədər Cəhənnəm qorxusu daşıyır və bildiyi qədər Cənnət arzusu ilə qanad açır. Yəni nəticə etibarilə, hər şey insanın biliyindən və işin əslini dərk etməsindən asılıdır.

Şübhəsiz ki, Peyğəmbərimiz (s.ə.s) bizim bilmədiyimiz çox fərqli şeyləri bilirdi. Əvvəla O (s.ə.s), Allahın əzəmətini çox yaxşı dərk edirdi. Buna görə də Ondan bir xəbərdarlıq gəlməsindən çox qorxurdu.[2] Bəzi mövzularda xəbərdarlıq edən ayələr nazil olunca rəngi-ruhu qaçır, saralıb-solurdu.[3] Onun bu dərəcədə həssas olması Rəbbini çox yaxşı tanımasından qaynaqlanırdı. Buna əsasən də: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz” deyirdi.

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ. يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli (körpəsi olan) qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görə­­cəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.” (Həcc surəsi, 22/1-2) Bizim mənasını çox dərk etmədən oxuyub keçdiyimiz bu qəbil ayələr iman abidəsi olan Allah Rəsulunun (s.ə.s) qəlbində dərin rəşhalar acırdı.

Bəzi rəvayətlərdə Allah Rəsuluna (s.ə.s) Cənnət və Cəhənnəmin göstərildiyi anlayırıq. Məsələn bir dəfə camaata namaz qıldırarkən birdən-birə irkilib durduğu yerdən geri çəkilmiş, rəngi-ruhu avazımış, qeyri-müəyyən hərəkətlər etməyə başlamışdı. Səhabə bunun nə mənaya gəldiyini soruşduqda, “O, Cəhənnəm dəhşətli şəkildə qarşımda canlandı, indiyə qədər onu bu qədər qorxunc görməmişdim” – demişdi.[4] Allah Rəsulunun (s.ə.s) Cəhənnəm həqiqətlərini görməsi Onun pak qəlbində ümmətinə görə ciddi qorxu və narahatlıq hasil etdirdi. Bir dəfə də Peyğəmbərimiz (s.ə.s) əlini bir şeyə doğru uzatmışdı. Səhabə bu hərəkətin nə mənaya gəldiyini soruşduqda buyurdu: “Cənnət gözüm qarşısında gətirildi, (orada) bir üzüm salxımı gördüm. Əgər onu qoparıb sizə versəydim, bu qədər vaxta qədər yesəniz də, qurtara bilməzdiniz”.[5]

Allah Rəsulu (s.ə.s) Meraca yüksələrkən – bəzi mühəddislərin bəyanına görə – Rəbbimizlə görüşmüş və Onu əzəmətini müşahidə etmişdi. Bu yolçuluğunda Cənnətin bütün ehtişam və gözəlliyini, Cəhənnəmin dəhşət saçan mənzərəsini görmüşdü.[6] Üstəlik orada qədər qələmlərinin səsini eşitmiş və məlaikeyi-kiramı (böyük mələkləri) şəxsən müşahidə eləmişdi.[7] Mələklərin − dərəcələrinə görə, − bəzisini rükuda, bəzisini səcdədə, bəzisini də qıyamda gördüyü kimi, müəyyən bir məqamda Cəbrayılın (ə.s) Rəbbin hüzuruna yaxınlaşmanın məhabəti (mənəvi qorxu) ilə qıvrım-qıvrım qıvrılmasına da şahid olmuşdu. Hətta daha sonralar o məqama çatana qədər Cəbrayılın Allaha qarşı bu qədər ədəbli, tərbiyəli və sayğılı olduğunu bilmədiyini xəbər vermiş, onun tərbiyəsinə diqqət çəkmişdir.[8]

Allah Rəsulu (s.ə.s) insanı-kamili təmsil edir. Bu rəvayətlərə əsaslanaraq deyə bilərik ki, Peyğəmbərimiz (s.ə.s) insanın bilməli olduğu hər şeyi bütün təfərrüatı ilə bilirdi. O, insanı dəhşətə salan, və ya ona həvəsləndirən, şövq verən şeyləri də bilirdi. Buna görə də, çox ağlayır, az gülürdü. Hətta səhabə Onun (sallallahu əleyhi və səlləm) ömründə üç və ya dörd dəfə azı dişləri görünəcək şəkildə güldüyünü rəvayət edir.[9] Ancaq unutmayaq ki, Onun çöhrəsində heç vaxt təbəssüm əksik olmayıb.[10] Bu onun imanından qaynaqlanırdı. Bizim bildiyimizi, O görmüşdü.  İnsanın nəyi itirəcəyini, qazanarsa qarşlaşacağı ağlasığmaz mükafatın nə olduğunu bilirdi. Şübhəsiz ki, bu hüzn, ümməti ilə, bəşəriyyət ilə bağlı idi. “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”[11] Yenə bir dəfə səhabəyə söhbət edərkən axirət yurdunu təsvir edirdi: “Mən qiyamətdə hovuzumun başına keçəcəyəm. Hovuzun başına gələn bəzi adamları qovacaqlar. Mən onların mənim əshabım olduğunu deyəcəyəm. Mənə deyiləcək ki: “Sən səndən sonra onların nə işlər gördüyünü bilmirsən”. Mən də saleh qul olan Hz. İsanın dediyi kimi deyəcəyəm: “Ya Rəbbi! Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” [12]

Peyğəmbərimiz (s.ə.s) məhz bütün bunları gördüyü üçün çox ağlayır, az gülürdü. Bizlər də Onun ümməti olaraq eyni istiqamətdə Ona (s.ə.s) tabe olaraq, Onun yolu ilə gedərək heç olmasa günahlarımıza görə çox ağlayıb az gülməliyik.

Çox təəssüf ki, müasir dövrdə axirəti düşünmə hissi çox azalıb. Qəlblər Rəbbin əzəməti qarşısında sərtləşərək elə bil daş kəsilib. Quranı Kərimin bu ayələri elə bil halımızı bəyan edir. Bəlkə də, Allah qorusun,  çoxumuza şamildir. “Bu hadisədən sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb parça-parça olar. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”[13]

Elə isə çox ağlamalı, az gülməliyik və hər daim əbədi qurtuluş üçün Rəbbimizə dua-dua yalvarmalıyıq. Rəbbimiz ruhumuza riqqət hissi, incəlik bəxş eləsin. Günahlarımız, cəmiyyətin çaşbaşlığı, nəslimizin hədər olması qarşısında Rəbbim qəlblərimizi ürpərtsin, bizə haqqı xatırlatsın, bizi oyandırsın və özümüzü yeniləməyə müvəffəq etsin.


[1] Bu çox məşhur hədisdir. Demək olar kı, Əbu Davud xaric məşhur hədis kitabların hamısında keçir. Buxari, Küsuf 2, Təfsir (5) 12, Nikah 107, Riqaq 27, Qədər 16, Eyman 3; Müslim, Salat 112, Fəzail 134; Tirmizi, Zühd 9, İbn Macə Zühd 19; Əhməd ibn Hənbəl, əl-Müsnəd 3/102. Bu hədisi həmçinin  Əbu Hüreyrə, Hz. Aişə, Enes ibn Malik və Abdullah ibn Abbas (Allah hər birindən razı olsun) da rəvayət etmişdir.
[2] Tirmizi, Təfsir (56) 6; Münavi, Feyzul-Qədir 4/169.
[3] Baxın Ənam surəsi, 6/52; Ənfal surəsi, 8/67-69; Tövbə surəsi, 9/43; İsra surəsi, 17/73-75; Kəhf surəsi, 18/2; Əhzab surəsi, 33/37
[4] Müslim, Fədail 37, Salat 25
[5] Müslim, Küsuf 9; Nəsəi, Küsuf 20; Əhməd ibn Hənbəl, el-Müsnəd 3/352, 5/137.
[6] Baxın: Əliyyulqari, Şərhuş-Şifa 1/379-430.
[7] Buxari, Salat 1, Ənbiya 5; Müslim, İman 263.
[8] Baxın: Əliyulqari, Şərhu-Şifa 1/431, 434-435
[9] Baxın: Buxari, Təfsir (39) 2, Tövhid 19, 36, Riqaq 44, 51; Müslim, İman 308-310,  Sıfatül-münafiqin 19, 30.
[10] Baxın: Tirmizi, Mənaqib 10; Əhməd ibn Hənbəl, əl-Müsnəd 4/190, 191.
[11] Tövbə surəsi, 9/128
[12] Maidə surəsi, 5/117-118; Müslim, Cənnət, 58
[13] Bəqərə surəsi, 2/74



Bənzər məqalələr

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

İki yol

Cavanlar günlərin bir günü hökmdarın ordusuna qoşuldu. Hökmdarın əmri ilə uzaq bir şəhərə yola düşdülər. Bir müddət gedəndən sonra yolun ikiyə ayrıldığını gördülər, lakin hansı yolla gedəcəklərini qərarlaşdıra bilmədilər.

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.

Almaz ilə kömürün fərqi

“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?


Şərh yaz

*