Aylıq namaz vaxtları
757 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Ayın yarılması möcüzəsi Allah Rəsulunun zamanında baş vermişdir? Əgər baş vermişsə, niyə hər yerdə görülməmişdir?

Məkkə müşrikləri Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm): “Bizə bir möcüzə göstər”, – demişdilər. O da barmağı ilə işarə etmiş, Allahın izni ilə Ay iki yerə parçalanmışdı. İki yerə ayrılan Ay bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtmışdı. Qurani-Kərimdə bu hadisə belə nəql edilir:

“O saat (qiyamət) yaxınlaşdı və ay yarıldı. Əgər müşriklər bir möcüzə görsələr, dərhal üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər. Onlar təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Bunlar olduqca böyük hikmətdir. Lakin xəbərdarlıqlar fayda vermir!” (“Qamər” surəsi,  54/1-5)

Bəziləri bu hadisənin Rəsulullah zamanında baş vermədiyini, bunun qiyamətə yaxın bir vaxtda olacağını iddia etsələr də, ayələrin açıq-aydın ifadələri belə bir hadisənin olduğunu göstərir. Ay iki yerə yarılanda qüreyşli kafirləri: “Məhəmməd sizi ovsunladı”, – dedilər. Onların biri: “Əgər Məhəmməd ayı ovsulayıbsa, ovsun yer üzündə bütün insanları tutası deyil ki?! Başqa şəhərlərdən gələnlərdən soruşun, görək onlar da görüblər?” – dedi. Gələnlərdən soruşdular, onlar da həmin hadisəni gördüklərini dedilər. Ancaq onlar çirkin iftiraya əl atmaqdan çəkinmədilər: “Bu qədimdən bəri davam edən sehrdir”. (Əhməd ibn Hənbəl, 1/413)

Ayın yarılması hadisəsi istər Quranın bəyanları, istərsə səhih sünnə, istərsə də ilk dövrdən bütün ümmət tərəfindən təsdiq və qəbul edilən həqiqətdir.

Bəzi inanmayanlar “əgər Ay iki yerə bölünmüş olsaydı, bunu həm tarixi mənbələr yazar, həm də başqa ölkələrin insanları görərdi” fikrini irəli sürərək bu hadisəni inkar etmişlər. Bu iddianın yanlış olduğuna dair  bunları söyləyə bilərik:

1. Bu hadisə baş verəndə inanmayan insanlar Fəxri-Kainat Rəsulullaha qarşı amansız  düşmənçilik edirdilər.  Quran “Ay yarıldı” ayəsi ilə bu həqiqəti elan edəndə heç kim, kafir və müşriklər də daxil bu ayəni yalan saymamış, bu hadisəni inkar etməmişdi. Kafirlərin bu hadisəni inkar etməsinə dair tarixi mənbə və siyər kitablarında heç bir məlumat yoxdur. Onlar yalnız: “O, bir sehrdir. Əgər başqa yerdə olan karvan və qafilələr də bu hadisəyə şahid olubsa, onda həqiqətdir”, – deyib inanmaqdan imtina etmişdilər. Gələn karvanlar belə bir hadisəni gördüklərini deyəndə isə bu dəfə də: “Məhəmmədin sehri göylərə də təsir etdi”, – dedilər.

2. Möcüzə peyğəmbərliyi isbat etmək, iman gətirməyənləri inandırmaq üçün göstərilir, onlara məcburi etmək üçün deyil. Bunu digər yerlərdə də göstərmək və ya məcburiyyət dərəcəsində açıq-aşkar ortaya qoymaq həm ilahi hikmətə, həm də təklif sirrinə[1] ziddir. Çünki təklif sirrində insanın ağılına qapı açmaq, ixtiyarı əlindən almamaq şərtdir. Əgər ayın yarılması hadisəsi bütün dünya görsün deyə uzun müddət davam etsəydi, o zaman nübüvvətə dəlil deyil, səma hadisələrindən biri olardı. Ya da hər kəsi inanmağa məcbur edərək ağılın, iradənin  ixtiyarını əlindən al­mış olacaq, bununla da təklif sirri pozulacaqdı. Elə buna görə də bu hadisə, həm qəfil, həm insanlar istirahət edərkən, yəni gecə baş verdi, bütün dünyaya göstərilmədi.

3. Ayın doğması və batması ilə bağlı bir məsələyə də toxunmaq vacibdir: Ay bir tərəfdə doğur, digər tərəfdə batır. Yer kürəsinin bir hissəsi gecə olanda, digər hissəsi gündüz olur. Ay tutulması bir yerdə görünür, digər yerdə görünmür. Bu səbəbdən də Ayın yarılması hadisəsinin hər yerdə görülməməsi onun olmaması demək deyil.

4. Hava şəraiti hər yerdə eyni deyil. Bəzi yerlər sisli, bəzi yerlər buludlu olur. Buna görə də təbiət hadisələrini dünyanın hər yerində və eyni vaxtda görmək mümkün deyildir.

5.  Gecə insanlar evlərində olduğuna və o dövrdə göy üzünü müşahidə etmək geniş yayılmadığına görə belə bir hadisə hamı tərəfindən görülməyə bilər.



[1] Allahın insanlara bəzi şeyləri əmr və bəzi şeyləri qadağan etməsi



Açar sözləri

möcüze

Bənzər məqalələr

Qurani-Kərimin sirri

Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir. Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.


Şərh yaz

*