Aylıq namaz vaxtları
5. 903 dəfə oxunub ,   0 şərh   Çap et

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik. İndi isə onlara qısaca nəzər salaq.

İlk mərhələ ─ qəbir həyatı

Ölümdən sonrakı həyat iki mərhələdən ibarətdir. İnsan öldükdən sonra iki aləmə qədəm qoyacaq. Birincisi, dünya kimi bir gün sona çatan qəbir aləminə, ikincisi, əbədi axirət həyatına. Qəbir həyatına bərzəx həyatı da deyilir.

“Bərzəx” sözü hərfi mənada iki şey arasında pərdə, sədd və əngəl deməkdir. Termin kimi isə ölümdən sonra ruhların qiyamətə qədər qaldığı aləm, qəbir aləmi, dünya və axirət arasında dəhliz, gözləmə otağı mənalarında işlədilir. Bərzəx dünya ilə axirət arasında bir körpüdür. İnsan ölümü ilə qəbir həyatının başladığını bildirən bir hədisi-şərifdə buyurulur: “Qəbir (bərzəx) axirət mənzillərinin birincisidir. Orada qurtulana sonrası daha asandır. Orada qurtulmayana isə sonrası daha ağır olacaq”.[1]

Hər bir insan istər adi qaydada torpağa basdırılsın, istər boğulub dənizdə qalsın, və ya yanıb külü göyə sovrulsun, fərqi yoxdur, qəbir həyatını mütləq görəcək və ardınca da dirildiləcəkdir. Bərzəx aləmində inkarçılar acı və sıxıntılı, inananlar isə əməlləri səviyyəsində xoşbəxt bir həyat yaşayacaq. Hədislər Münkər və Nəkir adlı iki mələyin insanlara “Rəbbin kimdir? Peyğəmbərin kimdir? Kitabın nədir?” şəklində suallar verəcəyini və alacaqları cavablara uyğun onlarla rəftar edəcəklərini xəbər verir.[2]

Həşr meydanı

Toplanmaq, bir yerə yığmaq və sövq etmək mənalarına gələn “həşir” sözü dini termin kimi qiyamət günündə dirilişin ardınca bütün məxluqatın toplanacağını və məhşər meydanına gətiriləcəyini ifadə edir. Məxluqatın axirətdə toplanacağı yerə məhşər, məvqif və ya ərasat da deyilir.[3]

Quran həşri bütün insanların bir yerə toplanacağı[4] və həqiqətdə kimin qazanıb, kimin itirdiyinin üzə çıxacağı gün adlandırır[5]. Yenə Quranın xəbər verdiyinə görə, həşir meydanına (məhşərə) toplanan insanlar dünyada necə yaşamışlarsa, elə münasibət görəcəklər. Dünyada Allahdan üz çevirənlər o gün kor dirildiləcək, kafirlərin üzləri qara və kədərli, möminlərin üzləri isə parlaq və sevincli olacaq[6].

Allah Rəsulundan (s.ə.s.) gələn hədislərdə isə məhşərin ağ və parlaq bir düzənlik olduğu, insanların çılpaq, ayaqyalın, sünnət olunmamış və qüsursuz şəkildə dirildiləcəyi bildirilir[7].

Quranda həşrlə əlaqəli ayələrdən bəziləri belədir:

“Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. (Axır) dönüş də Bizim hüzurumuzadır!”[8]

“O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq…”[9]

“Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanılacaqsınız”[10]

“(Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)! Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.”[11]

Quranda İsrafil mələyin suru iki dəfə üfürəcəyi bildirilir. Birinci dəfədə qiyamət qopacaq, ikincisində isə yenidən diriliş olacaq və mələklər, cinlər və insanlar hamısı bir yerdə toplanacaq.

Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər.”[12]

Quranda heyvanların həşr edilməsi haqqında da ayələr var.

Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.”[13]

Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman…”[14]

Bu ayələr məhşərdə heyvanların da həşr olunacağını göstərir. Heyvanlar Allahın suallarına cavab verdikdən sonra torpaq olacaqlar. Mükafat və cəza dünyada mükəlləf varlıqlar (insanlar və cinlər) üçündür. Məhşərdə mükəlləf varlıqlar sorğu-sual olunmaq, heyvanlar isə qisas almaq üçün toplanacaqlar.

Yenidən diriliş necə olacaq?

Məhşər, bəşər övladının ruh və cəsəd ilə diriləcəyi bir yerdir. Qurani-Kərim məsələni bizə təqdim edərkən ayrı-ayrı təsvirlər halında da olsa bu şəkildə təqdim edir. Ruhun əhəmiyyət kəsb etdiyi yerdə ruhdan, cəsədin əhəmiyyət kəsb etdiyi yerdə də cəsəddən bəhs edilir.

Ey səadətə çatan nəfs! Razıedici və razı edilmiş (gördüyün işlərlə Allahı məmnun etmiş və aldığın nemətlərlə Allah tərəfindən məmnun edilmiş) olaraq Rabbinə dön! (Yaxşı) qullarımın arasına gir! Cənnətimə gir![15] deyərkən, sadəcə ruhun Allaha dönüşünü və qayıdışını izah edir. Ancaq Qiyamətin ümumi təsvirində, baharın, ağaçların, maddi və bərk cismlərin misal verilməsində bədənlərin və cəsədlərin həşr olacağı dilə gətirilir.

Burada bu kimi məsələlər barədə münaqişə edib iki ayri görüşdə olanların dəlillərini təhlil etməyəcəyik. İslam alimləri arasında bir-iki nəfər “həşr yalnız ruhlara məxsusdur” desə də, alimlərin böyük əksəriyyəti ruh və cəsədin bir yerdə həşr olacağı fikrində həmrəydirlər.

İbn Abbas (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) bizə nəsihət vermək üçün ayağa qalxdı və belə buyurdu:

– Ey insanlar! Siz yalın ayaq, çılpaq və sünnətsiz dirildiləcəksiniz. “İlk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq”[16] (Əsas zərrələriniz, ruhunuz və vücudunuzla birlikdə yenidən diriləcək, həm cismən, həm də ruhən həşr olunacaqsınız). Axirətdə libas geyindirilən ilk insan İbrahim (ə.s.) olacaq. Yenə o gün ümmətimdən bəzi insanları gətirib sol tərəfə (Cəhənnəmə) aparacaqlar. Mən də: “Ya Rəbbi, bunlar mənim əshabımdır, mənim ümmətimdir!” – deyəcəyəm. Lakin mənə deyəcəklər: “Bilirsənmi, onlar səndən sonra nə işlər gördülər?” Bundan sonra əməlisaleh bəndə İsa (ə.s.) kimi deyəcəyəm: “Nə qədər ki onların yanında idim, şahid mən idim (onları belə əməllərdən çəkindirirdim). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onları görüb nəzarətdə saxlayan yalnız Özün oldun. Yalnız Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, şübhəsiz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən  yenilməz qüvvət, hikmət sahibisən!” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!)[17] Sonra mənə belə deyəcəklər: “Bu, bir həqiqətdir ki, Sən onlardan ayrılandan bəri onlar dindən üz döndərdilər”.[18]

Həzrəti Aişə (r.anha) nəql edir: “Allah  Rəsulu (s.ə.s.) belə buyurdu:

– İnsanlar Qiyamət günü ayaqyalın, çılpaq və sünnətsiz dirildiləcək (həşr ediləcək).

Mən:

– Ey Allahın Rəsulu, qadınlar və kişilər birlikdə həşr edilsə, bir-birinə baxmazlar? – dedim. Allah Rəsulu (s.ə.s.):

– Aişə! Məsələ o qədər ciddi və çətin olacaq ki, onlar bu cür şeyləri düşünə bilməyəcək, – buyurdu”[19]

Həşr əsnasında insanların çılpaq, tüksüz, sünnətsiz, sağlam və otuz yaşında dirildiləcəyi bildirilir.[20]

Məhşər necə yerdir?

Rəsulullah (s.ə.s.) bir hədisində məhşərin necə yer olduğunu belə təsvir etmişdir: “Məhşər meydanı üzərində heç bir şey (dağ, dərə, bitki və s.) olmayan təmiz buğda unundan hazırlanmış yuxa kimi ağ və parlaq düzənlikdir”.[21] Yəni məhşər meydanında hər tərəf ağ və düz olacaq. Dünyadakı kimi rəngarənglik və dağ, dərə, ağac və s. olmayacaq.

Hədislərdə günəşin məhşərdə gözləyən insanlara yaxınlaşdırılacağı, istiliyin onların imanlarına görə təsir edəcəyi bildirilmişdir.[22]

Məhşərdə insanların aqibəti

Məhşər günü çox sıxıntılı, qorxulu və dəhşətli bir gündür. Məhşərə toplanan insanlar sorğu-sualın tezliklə bitməsini istəyəcəklər. Bunun üçün peyğəmbərlərə xüsusilə Həzrət Məhəmmədə sorğu-sualın başlaması və şəfaət etməsi üçün müraciət edəcəklər. Şəfaətdən sonra sorğu-sual başlayacaq.[23]

Məhşərdə möminlərin və kafirlərin aqibəti bir-birindən fərqlənəcək. Quranda Allahı inkar edənlərin məhşər günü kor, lal və kar olaraq dirildiləcəyi bildirilir.

Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.”[24]

Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün”[25]

Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!

O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”

(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!

Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!”[26]

Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”[27]

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.”[28] Bu ayə ilə əlaqəli bir hədis belədir: “Bəndə: “Ey Rəbbim! Məni haqsızlıqdan qorumayacaqsan?” deyəcək. Allah: “Bəli, qoruyacam”, buyuracaq. Bəndə: “Mənə ancaq öz tərəfimdən şahid gətirilməyini istəyirəm”, dedikdə Allah belə buyuracaq: “Nəfsin və kiramən-katibin mələkləri şahidin olsun.” Bundan sonra həmin bəndənin ağzı möhürlənəcək. Bədən üzvləri bütün əməllərini danışacaq”.[29]

İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.”[30]

“(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!

İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!”[31]

O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.”[32]

Möminlərin aqibəti

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir: ) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”[33]

Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!”[34]

O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir.”[35]

Allah-Təala heç bir kölgə olmayan Qiyamət günü yeddi qisim insanı ərşinin kölgəsində himayə edəcək: adil dövlət başçısını, gənclik illərini Allaha ibadət iştiyaqı ilə keçirən gənci, məscidlərə könül verən (məscidlərə bağlı olan) insanı, Allah üçün bir-birini sevib Allah üçün bir araya gələn və Allah üçün bir-birindən ayrılan iki insanın hər birini, məqam və camal sahibi bir qadının tələbi qarşısında nəfsinə üsyan edərək: “Mən Allahdan qorxuram” – deyən adamı, solundakı insana sağındakına hiss etdirməyəcək şəkildə gizli sədəqə verəni, tək-tənha olarkən Allahı anıb gözləri yaşla dolan insanı”.[36]

Qiyamətin qopması və yenidən dirilişin baş verməsi ilə məhşərin mərhələləri başlayır:

Əməl dəftərləri

İnsanlar məhşər meydanında toplandıqdan sonra əməl dəftərləri ilə tanış olacaqlar. Dünyada işlənən bütün əməllər həmin dəftərlərdə qeyd edilir. Bu dəftərlərin mahiyyəti haqqında heç nə bilmirik. Bu dəftərləri bizim işlətdiyimiz adi dəftərlərə oxşatmaq doğru deyil. Mələklərin yazdığı bu dəftərlər və ya qeydlər haqda Quranda belə buyurulur: “(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz![37]

Qurani-Kərim cənnətlik bəndələrə əməl dəftərlərinin sağdan, cəhənnəmliklərə isə soldan və ya arxa tərəfdən veriləcəyini bildirir. Dəftəri sağ əlinə verilənlərə “əshabı-yəmin”, sol əlinə verilənlərə isə “əshabı-şimal” deyilir. Dəftərlərin sağ ələ verilməsi gözəl aqibətin, sol ələ verilməsi isə əzabın xəbərçisidir.[38]

Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq.

 (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən.”[39]

Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əlinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə xoşbəxtdir onlar!) Sol tərəf sahibləri (əməl dəftərləri sol əlinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə bədbəxtdir onlar!)”[40]

Kimin əməl dəftəri sağ əlinə verilmişsə, onun yüngül haqq-hesab çəkiləcək və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!”[41]

Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: “Ay öldüm!” – deyə şivən qopardacaq və  Cəhənnəmə vasil olacaqdır! O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi. Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.”[42]

Rəsulullah (s.ə.s.) bir hədisində:

“İnsanın ölümü ilə əməl işləyib savab qazanması dayanır, ancaq əməl dəftərinə üç şeydən; sədəqeyi-cariyədən,[43] öyrətdiyi faydalı elmdən və ona dua edən yaxşı övladdan savab yazılır”,[44] – buyurmuşdur.

Başqa bir hədisdə isə belə buyurulur: “Vəfat edən hər kəsin əməl dəftəri bağlanır, ancaq Allah yolunda ölən mürabit istisnadır. Çünki onun əməli (savabı) qiyamət gününə qədər artır. Bundan əlavə, o, qəbir əzabı da görməz”.[45]

Sorğu-sual

Məhşərdə hər kəs Allah qatındakı yerinə və dərəcəsinə görə qısa və ya uzun müddət gözləyəcək. Allah-Təala məhşərdə insanları vasitəçi olmadan hesaba çəkəcəkdir. Hədisi-şəriflər möminlərin soruşulan suallara asanlıqla cavab verəcəyini, inkarçıların isə ciddi sorğu-suala tutulacağını bildirir[46].

Sorğu-sual zamanı əməl dəftərləri ilə yanaşı, lazım gəldikdə bədən üzvləri[47] və yer üzü də insanların əməllərinə şahidlik edəcək[48]. Zərrə qədər yaxşı iş görən mükafatını alacaq, zərrə qədər pis əməl işləyən də cəzasına çatacaq. Sorğu-sual əsnasında insan bu beş şeyin hesabını vermədən buraxılmayacaq.

  1. Ömrünü harada sərf etdiyini,
  2. Gəncliyini nə cür keçirdiyini,
  3. Elmini hansı yolda işlətdiyini və ona necə əməl etdiyini,
  4. Malını haradan qazanıb haraya xərclədiyini,
  5. Vücudunu haralarda yorduğunu[49].

Əməllərin mizanda çəkilməsi

Mizan sözü hərfi mənada tərəzi deməkdir. İstilah kimi isə əməllərin Allahın müəyyən etdiyi şəkildə çəkilməsidir. Mahiyyətini yalnız Allah bilir. Mizanda yaxşı əməlləri pis əməllərindən (savabı günahından) ağır gələnlər qurtulacaq, yüngül gələnlər isə Cəhənnəmə gedəcək[50].

O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!

Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.”[51]

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.”[52]

Qiyamət günü dünyada yüksək məqam-mövqe sahibi olan, böyük kimi tanınan yekəpər bir adam hüzura gələr, amma Allah qatında milçək qədər dəyəri olmaz”.[53]

Sirat körpüsü

Quranda sirat körpüsü haqqında açıq məlumat verilmir. Ancaq insanların sirat körpüsündən keçəcəyinə bu ayədə işarə olunur: “İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.”[54]

Sirat körpüsü Cəhənnəmin üstündə yerləşən bir körpüdür. Bütün insanlar həmin körpüdən keçəcək, keçə bilməyənlər isə Cəhənnəmə düşəcəklər. Siratın mahiyyəti haqqında da bir söz demək çətindir. Sirat körpüsündən keçməyin mahiyyətini də yalnız Allahın bilir. Hədisi-şəriflərdə bildirilir ki, Siratdan ilk keçən Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) və ümməti olacaq. İnsanlar körpüdən əməllərinə uyğun ya rahat keçəcək, ya da çətinliklə qarşılaşacaqlar[55].

Bu körpünü keçmək iman və yaxşı əməl sahibləri üçün olduqca asan, inkar edənlər üçün isə son dərəcə çətin olacaq. Bu körpünü insanın bu dünyada yaxşı və ya pis əməlləri ilə inşa etdiyi bir körpü kimi də izah etmək olar. Belə ki, insanın dünyada işlədiyi əməllər axirətdə qarşısına körpü kimi qoyulacaq. Yəni bəndənin gözəl əməlləri onu Cənnətə aparan möhkəm bir körpüyə, yanlış əməlləri isə Cəhənnəmə düşürən çürük bir körpüyə çevriləcək. Həqiqəti Allah bilir.

Peyğəmbərimizin kövsəri

Hədislərdə bildirildiyinə görə, qiyamət günü hər bir peyğəmbərə bir hovuz ehsan ediləcək. Peyğəmbərimizə (s.ə.s.) verilən hovuzun suyu süddən ağ, qoxusu müşkdən də gözəl olacaq və bu sudan bircə dəfə içən bir daha susamayacaq. Qiyamət günü bu hovuzun başına ilk dəfə gedib oradan su içən Rəsulullah (s.ə.s.) olacaq. Sonra Allahın dinini ucaltmaq uğrunda və İslam yolunda xidmət etmiş möminlər növbə ilə bu sudan içəcək. Hədislərdə hovuzun başında olacaq hadisələr haqqında da məlumatlar vardır. Peyğəmbərimiz (s.ə.s.) burada ümmətini gözləyərkən sağlığında görüb tanıdığı bəzi insanların Cəhənnəmə aparıldığını gördükdə: “Onlar mənim səhabələrimdir, ya Rəbb!” – deyə iztirab çəkəcək. Ona (s.ə.s.) həmin insanların doğru yola sadiq qalmadıqlarını, sonradan geriyə (əvvəlki inanclarına) qayıtdıqlarını və düz yoldan azdıqlarını xəbər verəcəklər[56].

Quranda “Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!”[57] ayəsində adı çəkilən kövsər təfsirlərdə, əsasən, hovuz kimi izah olunur. Bu səbəbdən Peyğəmbərimizə (s.ə.s.) qiyamət günü verilən hovuza “Havzı-kövsər” deyilmişdir.


[1] Tirmizi, Zöhd, 5.
[2] Tirmizi, Cənaiz, 70; Əhməd ibn Hənbəl, Müsnəd, III, 126.
[3] Toprak, Süleyman, “Haşir”, TDV İslam Ensiklopediyası, İstanbul, 1997, XVI, 416.
[4] “Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.” “Hud” surəsi, 11/103.
[5] “Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). ” “Təğabun” surəsi, 64/9.
[6] “Ali-İmran” surəsi, 3/106-107.
[7] Buxari, “Riqaq”, 44, 45.
[8] “Qaf” surəsi, 50/43.
[9] “Səbə” surəsi, 34/40.
[10] “Ənam” surəsi, 6/72.
[11] “Qaf” surəsi, 50/20-21.
[12] “Ənam” surəsi, 6/51.
[13] “Ənam” surəsi, 6/38.
[14] “Təkvir” surəsi, 81/5.
[15] “Fəcr”, 89/27-30.
[16] “Ənbiya” surəsi, 21/104.
[17] “Maidə” surəsi, 117-118.
[18] Buxari, Ənbiya, 8, Riqaq 45; Müslim, Cənnət, 58.
[19] Buxari, Riqaq, 45; Müslim, Cənnət, 56.
[20] Əhməd ibn Hənbəl, Müsnəd, V, 232.
[21] Buxari, Riqaq, 44.
[22] Buxari, Zəkat, 52: Müslim, Cənnət, 62.
[23] İbn Kəsir, Təfsirul-Quranil-əzim, Qahirə, 1980, I, 267
[24] “İsra” surəsi, 17/97.
[25] “Taha” surəsi, 20/102.
[26] “Taha” surəsi 124-127
[27] “Nur” surəsi, 24/24.
[28] Yasin surəsi, 36/65.
[29] Müslim, Zöhd, 17.
[30] “Qələm” surəsi, 68/42.
[31] “İbrahim” surəsi 14/21-22.
[32] “Nəbə” surəsi, 78/40.
[33] “Qaf” surəsi 50/31-34.
[34] “Ali İmran” surəsi 3/106-107
[35] “Əbəsə” surəsi 80/38-39.
[36] Buxari, Zəkat, 16, Riqaq, 24, Hüdud, 19; Müslim, Zəkat, 91.
[37] “Kəhf” surəsi, 18/49.
[38] “İnşiqaq” surəsi, 84/7-11.
[39] “İsra” surəsi, 17/13-14.
[40] “Vaqiə” surəsi, 56/8-9.
[41] “İnşiqaq” surəsi 84/7-9.
[42] “İnşiqaq” surəsi 84/10-15.
[43] İnsanlara faydalı olan işlər: su çəkmək, məscid tikmək, ağac əkmək və s.
[44] Müslim, Vəsayə, 3; Əbu Davud, Vəsayə, 13.
[45] Tirmizi, Fədailul-cihad, 1621;  Əbu Davud, Cihad, 15-16; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 20.
[46] Buxari, Riqaq, 49.
[47] “Fussilət” surəsi, 41/21.
[48] “Zilzal” surəsi, 99/4.
[49] Tirmizi, Sifətül-qiyamə, 1.
[50] “Qariə” surəsi, 101/6-9.
[51] “Əraf” surəsi 7/8-9.
[52] “Ənbiya” surəsi, 21/47.
[53] Buxari, Təfsiru surə, 18/6; Müslim, Sifatul-Münafiqin, 18.
[54] “Məryəm” surəsi, 19/71.
[55] Buxari, Əzan, 129.
[56] Buxari, Fitən, 1.
[57] “Kövsər” surəsi, 108/1.
 



Bənzər məqalələr

Cənnətlik möminlərin xüsusiyyətləri hansılardır?

“Sizə verilən hər şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəs­lər üçün ki iman gətirib Allaha təvəkkül edərlər;

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Elm yolu Cənnət yoludur

Kim bir yola qədəm qoyar və bu yolda elmə talib olarsa, Allah onun üçün Cənnətə gedən bir yolu asanlaşdırar. Mələklər elm öyrənənlərin əməllərindən xoşlandıqları üçün onları qanadları ilə hifz edərlər. Göy və yer əhli, hətta sudakı balıqlar belə elm öyrənən adam üçün Allahdan yardım və bağışlanma diləyər.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Ölüyə ağlamaq olarmı?

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.


Şərh yaz

*