- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Axirət nədir? Axirət inancının hansı faydaları var?

Axirət ölümlə başlayıb sonsuza qədər davam edən həyatın adı­dır. Bərzəx aləmi adlanan qəbir həyatı da axirətin bir dayanacağıdır, əsl axirət həyatı isə Qiyamət qopandan sonra başlayacaq və sonsuza qədər davam edəcək. Qiyamətlə birlikdə dünya həyatı da sona çatacaq və Allah bütün insanları yenidən dirildib məhşər meydanında toplayacaqdır. Orada insanlar bir-bir hesaba çəkiləcək, iman və əməllərinə görə cənnətlik olanlar Allahın lütfü ilə cənnətə, cəhənnəmə layiq olanlar da cəhənnəmə gedəcək. Orada heç kim haqsızlığa məruz qalmayacaq, zərrə qədər yaxşı iş görən onun mükafatını, zərrə miqdar pislik edən cəzasını alacaq.

Axirətə inan imanın altı əsasından biridir. Axirəti nəzərə almadan İslamın digər əsaslarını tam və doğru anlayıb dəyərləndirmək mümkün deyil. Allaha, peyğəmbərlərə, kitablara, mə­lək­lərə, qəza və qədərə iman axirətə imanı da tələb edir. Həm də Allahın bütün isimləri bir cəhəti ilə dünyaya aiddirsə, bir çox tərəfi ilə axirətə aiddir və axirətin varlığını tələb edir. Əsl mövzumuz axirəti isbat etmək olmadığına görə burada bir misal verib  keçirik. Dünyada bir qisim insanlar Allaha qəlbən inanıb itaət edir, namazını qılır, orucunu tutur, zəkatını verir və əlindən gəldiyi qədər də xeyirli işlər görür. Bir qisim bədbəxtlər isə Allahın bu qədər lütflərinə baxmayaraq, ömrü inkarçılıqla, haram-halal demədən yeyib-içərək, zövq və əyləncə içində keçirirlər. Yenə bir tərəfdə bir çox insan zülm və haqsızlığa məruz qalır, digər tərəfdə neçə-neçə zalım və qəddar bolluq və firavanlıq içində ömür sürür. Bir çox hallarda birincilər bu dünyada mükafatlarını tam almadan, ikincilər də layiq olduqları cəzanı görmədən ölüb gedirlər. Halbuki Allah Mütləq Adildir. Deməli, böyük bir məhkəmə var və orada hər kəs dünyadakı əməllərinin əvəzini alacaqdır. Allahın Adil ismi kimi Rəhim, Kərim, Cəmil, Mucib, Bəqi və digər bütün isimləri də axirətin mövcudluğunu zəruri edir.

İnsanın əbədi səadəti qazanması Allaha və axirətə inamdan asılı olduğu kimi, dünyada həqiqi hüzura və xoşbəxtliyə qovuşması da ancaq bu inamla mümkün ola bilər. Axirət inancının fərdi və sosial həyatımızda saysız-hesabsız faydaları vardır. Bunların bir neçəsini misal çəkək.

Uşaqları düşünək. Əgər axirət inancı olmasa, ətrafda olanlardan çox təsirlənən zəif və incə ruhlu uşaqlara doğmalarının ölümünü necə izah edə bilərik? Məsələn, qardaşı ölən bir uşağa: “Qardaşın öldü, onun cansız bədəni torpağın altında çürüyüb gedəcək, onu həmişəlik unut”, – deyə bilərsinizmi? Bu söz­lər onun qəlbində sağalmaz yaralar açmazmı? Axirətə inamınız­ yoxdursa, başqa yolunuz qalmaz. Halbuki axirətə inamla: “Sənin qardaşın indi quşlar kimi cənnətdə rahat və sevinə-sevinə ora-bura qaçır. Vaxt çatanda sən də oraya gedəcəksən”, – deyə bilər­siniz. Ən düzgün yol da budur.

Anasını və ya atasını itirən uşağa “Onlar, inşallah, cənnətə getdilər. Orada səni gözləyəcəklər. Sən də onlar kimi Allaha inansan və yaxşı qul olsan, cənnətdə onlara əbədi qovuşacaqsan” inamdan başqa nə ilə təsəlli vermək olar?

Bir tərəfdən də cəmiyyətin ən dinamik gücü olan gənclər qanın qaynadığı, nəfsani arzuların cövlan etdiyi gənclik dövründə axirət inancından başqa hansı yolla özlərinə hakim ola bilərlər? Həqiqətən də, Allah və axirət inancı olmayan və ya çox zəif olan toplumlarda gənclər oğurluq, qəsbkarlıq, mal və namusa təcavüz, asayişi pozma və buna bənzər bir çox çirkin işlərdə ön­də gedirlər. Onları polislə, jandarma ilə, qanun və cəza ilə yola gətirmək mümkün olmur. Onların bu məsuliyyətsiz davranışlarını ancaq Allah qorxusu və axirət inancı ilə nəzarət altına ala bilərsiniz. Sadəcə nəzarət etməklə kifayətlənməz, gənclərin güclü enerjisini hesaba çəkilmə düşüncə və şüuru ilə cəmiyyətə faydalı hala gətirə bilərsiniz.

Doğmalarının çoxunu itirmiş, ölümü yaxınlaşınca qocalara­ da ancaq axirət inancı ilə təsəlli verə bilərsiniz. Yoxsa ki həm əbədi itkinin acısı, həm də bir canavar kimi ağzını açıb gözləyən məzar qorxusu o yazıq qocaların dərdini birə min artırar. Onlar üçün axirət inancı əvəzsiz təsəlli mənbəyidir.

Cəmiyyətin təməli və çəyirdəyi olan ailə həyatının da hüzur və səadəti axirət inancından asılıdır. Möhkəm və xoşbəxt ailə ərlə arvadın qarşılıqlı sevgi, etibar və fədakarlığı ilə mümkündür. Bu hislərin daimiliyini də axirət inancı ilə təmin etmək olar. Yoxsa dünyəvi həvəsini təmin edən cütlər bir-birindən çox asanlıqla ayrıla bilirlər. Axirətə inanmayan bir kişi qocalan və gözəlliyindən əsər-əlamət qalmayan həyat yoldaşına ölənədək dözə bilməz. Eyni sözü qadın üçün də demək olar. Halbuki axirət inancı olan kişi: “Bu dünya fanidir, cənnətdə bizi həqiqi və əbədi səadət gözləyir. İnşallah, buradakı birliyimiz orada əbədi davam edəcək”,– deyə düşünər. Bu duyğu və düşüncə ilə də  bir-birinin xırda nöqsanlarına göz yumarlar. Belə bir ailə nəinki bəsit səbəblərlə, əksinə, ən ağır sarsıntılarla belə dağılmaz. Belə ki, yataq xəstəsi olan əri və ya arvadına ömür boyu qulluq edən, mənəvi dayaq olan neçə-neçə vəfalı insan var. Bu məşəqqətə Axirət inancı olmadan kim qatlana bilər?

Bu misalları çox sadalamaq olar, lakin bu qədər örnək belə axirət inancının fərdi və  ictimai həyat üçün zəmanət xarakteri daşıdığını göstərməyə kifayət edər, zənnimcə.

Rəbbimiz hər addımda axirət düşüncəsi ilə hərəkət etməyi və Onun rizasını qazanmağı nəsib eləsin.