- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Aşura orucu

Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz (s.a.s) Məkkədə olarkən Aşura orucu tuturdu.[1] Rəsulullah (s.a.s) daha sonra Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah-Təala bu gün Həzrət Musanı (ə.s) və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Həzrət Musa (ə.s) bu gün oruc tutmuşdur.” – dedilər. Peyğəmbərimiz (s.a.s) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.[2]

Beləcə Ramazan orucu fərz qılınana qədər müsəlmanlar Aşura orucu tutmağa davam etdilər. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.a.s) belə buyurdu:

Bu gün Aşura günüdür. Bu gün oruc tutmaq sizlərə fərz deyil. İstəyən oruc tutar, istəyən tutmaz.”[3]

Məhərrəm ayının neçənci günləri oruc tutmaq olar?

Peyğəmbərimiz (s.a.s) bir hədisində belə buyurur:

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.”[4]

Həmçinin Rəsulullah (s.a.s) “Ümidvaram ki, Aşura günü tutulan oruc əvvəlki ildə işlənən günahlara kəffarə olar.”[5] hədisi ilə  ümmətini aşura orucuna təşviq etmişdir.

İbn Abbasdan (r.a) Rəsulullahın (s.a.s) Məhərrəm ayının neçənci günü oruc tutduğunu soruşulduqda o, onuncu,[6] başqa bir rəvayətdə isə doqquzuncu[7] cavabını vermişdir.

Rəsulullah (s.a.s) möminlərə yəhudi və xristianlara bənzəməmək üçün sadəcə Aşura günü yox Məhərrəm ayının 9-cu və ya 11-ci günü yaxud ən azı iki gün oruc tutmağı tövsiyə etmişdir.[8]

Məhərrəm ayının 9-10-cu və ya 10-11-ci günü oruc tutmaq sünnədir. Təkcə 10-cü gün oruc tutmaq məkruhdur.

[1] Buxari, Savm 69; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 244.
[2] Buxari, Ənbiya, 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, Müsnəd, I, 291, 310, 336, 340.
[3] Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.
[4] Müslim, Siyam 202-203; Nəsai, Qiyamul-leyl 6.
[5] Tirmizi, Savm 48.
[6] Tirmizi, Savm 50.
[7] Müslim, Siyam 132.
[8] Müslim, Siyam 133; Əbu Davud, Siyam 65; Tirmizi, Savm 50; Əhməd ibn Hənbəl, Müsnəd, I, 240.