2. 342 dəfə oxunub ,   0 şərh   Çap et

Hər kəs öz cavabdehlik çərçivəsinə və dolanışığından, tərbiyəsindən mükəlləf olduğu şəxslərə görə məsuliyyət daşıyır. Onların ehtiyaclarını təmin etmək, onları boya-başa çatdırmaq, qorumaq kimi məsələlərdə əldə etdiyi bütün nailiyyətlər, gördüyü yaxşı işlər əməl dəftərinin “savablar” səhifəsinə, bütün xətalar isə “günahlar” səhifəsinə yazılır.

Nəbilər Sərvəri (s.ə.s) bir hədisi-şərifində belə buyurur:

Hər biriniz çobansınız və əlinizin altında olanlara cavabdehsiniz; dövlət başçısı xalqının (və ya məmurlarının), kişi əhli-əyalının, qadın evinin və ona tapşırılanların, xidmətçi sahibinin malının çobanıdır və onlara görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və əlinizin altında olanlardan məsulsunuz”.[1]

Mövzu uşaqların bir əmanət qəbul edilməsi ilə əlaqədar olduğuna görə bir hədisi də xatırlatmaq istərdik: “Hər kəs İslam fitrəti ilə dünyaya gəlir. Sonra valideyni onu ya xristianlaşdırır, ya yəhudiləşdirir, ya da məcusiləşdirir”.[2]

Bəli, hər bir uşaq təmiz bir fitrətlə doğulur və qabiliyyətlərini inkişaf etdirmək üçün sizə əmanət edilir, yəni onların tərbiyəsi sizə tapşırılır. Sonra da ana-atanın aşıladığı inancla ya yəhudi, ya nəsrani[3] ya da məcusi[4]olur. Bəziləri isə ana-ata və ya mühitin təsiri ilə inancsız olur və ya dindən çıxır. Demək, hər bir nəslin yetişməsi məsələsində ana-atanın din və dəyanəti[5] mühüm olduğu kimi, tərbiyə məsələsində də din və dəyanətin əsas götürülməsi də bir o qədər əhəmiyyətlidir.

Bu, bir həqiqətdir ki, ağ kağız kimi təmiz beyinlə – nə yazsaq, o olacaq – dünyaya gələn övladlarımızı ruh və məna köklərimizlə tərbiyə edə bilməsək, bambaşqa bir qəlibdə formalaşacaqlar. Dolayısilə, bir də baxarsınız ki, övladınız mürtəd olub. Elə isə vaxtlı-vaxtında onların qəlbinə öz dünyamızın ruhunu, mayasını aşılayaraq yadların təsirinə düşməsinə imkan verməməliyik. Bağ və bağçalarda ağaclara calaq vurur, elm və texnikanın tələbləri çərçivəsində varlığa müdaxilə haqqımızdan istifadə edərək daha keyfiyyətli məhsul almağa çalışırıq. Odundan, daşdan, ağacdan, torpaqdan əskik olmayan uşaqlarımıza öz prinsiplərimiz çərçivəsində heç olmasa bu qədər qayğı ilə yanaşmalı deyilikmi? Laqeydlik uşaqların cılızlaşmasına, əxlaqa zidd təbliğatlar isə azğınlaşmasına səbəb olur. Bu iki halın zərərli təsirinə qarşı mübarizədə uşaqların bircə “silahları” var ki, o da valideynin verdiyi gözəl tərbiyədir. Bəli, faydalı müdaxilə olmazsa, çürüyüb qoxuyar, bədxahların əlində məhv olub gedərlər. Hər iki halda da başqa yolların yolçusu olarlar. Xüsusən də, müasir dövrdə valideynlər dünya işlərindən bərk-bərk yapışaraq övladlarının tərbiyəsinə tamam biganə yanaşırlar. Uşaqlara heç bir əsrdə bu qədər biganəlik, laqeydlik göstərilməmişdir.

Bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurur:

– Axırzamanda ataları üzündən övladların vay halına!

Bu sözləri eşidən səhabə çaşqınlıq içində soruşur:

– Onlara müşrik atalarına görə qıydılar?

– Xeyr, onları fəlakətə sürükləyən mömin ataları oldu.

– Necə oldu bu, ya Rəsulallah?

– Ataları onlara fəraizi-dini, yəni dinin əsaslarını öyrətmədilər.

Hədisi-şərifi qısaca belə izah edə bilərik:

Bu fani həyatdan ötrü, müvəqqəti dünya ucbatından dinin əsaslarına əməl etmədilər. Məsul olan  valideynlər, böyüklər, müəllimlər, mürəbbilər dini təlim və tərbiyəni bir kənara ataraq bütün güclərini maddiyyata sərf elədilər. Azacıq dünya mənfəəti xatirinə qəlb və ruhun əhyasına biganə qaldılar.

Vaxt alır deyə uşaqlara Quran oxutmadılar, ilahi bəyanın ruhunu öyrətmədilər, din və dəyanətin təliminə fikir vermədilər.

Yuxarıdakı hədisin mənası bu ayə ilə üst-üstə düşür:

Xeyr, xeyr! Siz qazancı və ləzzəti birbaşa olanı (fani dünyanı) sevirsiniz. Axirətə (və ya nəticəyə) isə əhəmiyyət vermirsiniz.[6]

Allah Rəsulu (s.ə.s) sözlərinə belə davam edir: “Mən onlardan uzağam, onlar da məndən uzaq olsunlar”.

Yəni “Övladına biganə yanaşan, uşağının  puç olub getməsinə göz yuman, daha da betəri, bir nəslin məhv olmasını laqeyd-laqeyd seyr edən ana-atalardan uzağam, onlar da məndən uzaq olsunlar.” Zənnimcə, bu sərt xəbərdarlıq və tənbeh ruhən ölməmiş (vicdanını itirməmiş) bütün ataları tir-tir titrədər, titrətməlidir də! Bu cür mühüm və həyati bir məsuliyyətdən danışılanda xəlifə Ömər ibn Əbdüləziz özündən getmiş və düz iyirmi dörd saat özünə gəlməmişdi. Hətta vəfat edəcək deyə başı üstə oturub Quran da oxumuşdular. Ayılanda hıçqıra-hıçqıra ağlayaraq Allahdan qorxduğunu demişdi. Bəli, o, əlinin altında olanların məsuliyyətini çiyinlərində hiss edir və onların haqqını tapdalamaq qorxusundan ürəyi ağzına gəlirdi.

Bəs biz? Sırf şəxsi zövqləri üçün ailə qurub dünyaya gəlməsinə səbəb olduğu körpələrin ruh və qəlbinə biganə qalan ana-ata cildinə girmiş mərhəmətsizlər… Görəsən, biz nə qədər ayılıb-bayılmalı və nə qədər titrəməliyik!?

Hərçənd bu mövzuda olan bütün hədislər təşviq və xəbərdarlıq məzmununda olub sevindirmə və qorxutma prinsipləri çərçivəsində buyurulmuşdur. Biz də məsələyə bu prizmadan baxırıq. Amma təbii ki, bu mövzuda bir sıra görüləsi işimiz də vardır: uşaqların yetişdirilməsində, şəxsiyyətin formalaşdırılmasında və təlim-tərbiyəsində İslam və Quran biz valideynlərin çiyninə bir sıra məsuliyyət və vəzifələr yükləyir. Yuxarıda prinsiplər şəklində sadaladığımız və növbəti səhifələrdə izah etməyi düşündüyümüz bu məsələlər – valideynlərin uşaqlarını həssas təbiətli, dərin düşüncəli, əxlaqlı və dindar yetişdirməsi, evdə əziz bir ata, əziz bir ana kimi hörmət və ehtiram görməsi, bir böyük kimi qəbul edilməsi və s. mühüm əhəmiyyət kəsb edir.


[1]Buxari, “Cümə”, 11; “Cənaiz”, 32; “İstiqraz”, 20, “Vəsayə”, 9; “İtq”, 17,19; “Nikah”, 81,90; “Əhkam”, 1; Müslim, “İmarə”, 20.

[2] Buxari, “Cənaiz” 80; “Təfsirü-surə” (30) 1; “Qədər”, 3; Müslim, “Qədər”, 22, 23, 24.

[3]Nəsrani – Xristian.

[4]Məcusi – Atəşpərəst.

[5]Dəyanət (diyanət) – Dinin hökmlərinə əməl etmək. Dinin əməli yönü.

[6] “Qiyamə” surəsi, 75/20.




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz