- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Allahın varlığının hüdus və ixtira dəlili

Hüdus kainatın sonradan yaradılması, ixtira kainatın yoxdan yaradılmasıdır. Yox ikən sonradan var olmağa hüdus, bu şəkildə sonradan var edilən varlıqlara isə hadis deyilir. Hüdus dəlilinin qısaca izahını bu şəkildə vermək olar: Aləm və onun bütün hissələri hadisdir. Hər hadisin də bir muhdisə (var edənə) ehtiyacı vardır. Elə isə bu aləmin də bir muhdisi vardır. O da hadis olmayan Allah-Təaladır.

Böyük bir İslam alimi bu dəlili belə səciyyələndirir: Aləmin dəyişkən olması gün kimi aydındır. Bir şey dəyişkəndirsə eyni zamanda hadis, yəni sonradan əmələ gəlmiş sayılır. Bir şey hadisdirsə, onun bir muhdisi, yəni yaradanı vardır. Elə isə bu kainatın bir yaradanının olması məntiqi cəhətdən zərurətdir. İnsan “indi” və “burada” yaşayır. Onun sərhəd tanımayan hiss və qabiliyyətləri vardır. Ağıl, qəlb, dil, göz kimi qabiliyyət və duyğuları ilə təmasda olduğu bənzərsiz bir aləm uzanır gözləri önündə. Bu bənzərsiz aləmdə mövcud olan hər şey öz varlığı ilə insana həqiqətləri söyləyir. Kainat elə bir varlıq deyildir ki, tərəfsiz və ürək istəyən kimi necə gəldi izah olunsun. İnsan ya kainatın hər bir varlığının hal dili ilə söylədiyini eşidəcək, ya da qulağını öz vəhminə verəcək. Bu mövcudat aləmi baxıb görməyi bacaran hər insana hər bir varlığın yoxdan var edilişini və onu var edəni tanıdır.

Hüdus həqiqəti kainatdakı varlıqların öz-özünə yaranmasının qeyri-mümkünlüyünü və bir Yaradanın var oludğunu qəti dəlillə ortaya qoyur. Hüdus həqiqəti kainatın hər yerində mövcuddur. Bu həqiqətə görmə duyğusu başda olmaqla ağıl da şahidlik edir. Çünki hər il payız mövsümündə bitki və heyvanlar aləmi – hər biri bir kainata bərabər yüz minlərlə canlı ölüb gedir və bu hadisələr gözlərin önündə cərəyan edir. Bu varlıqlar baharda öz yerlərini çəyirdəklərinə, toxumlarına və yumurtacıqlarına buraxıb, əməl dəftərlərini və gördükləri işlərin proqramlarını onlara verərək, onları da Allahın hikmətinə əmanət edərək Rəbbin himayəsi altında dünyanı tərk edirlər. Bu çəyirdək, toxum və yumurtacıqlar canlıların yenidən dirilməsinə və yayılmasına vəsilə olub ilahi rəhmət və hikmətin möcüzələri, qüdrət və elmin xariqələri sayılır. Bahar mövsümü gəlincə isə, bu varlıqların hamısı yenidən dirilir və “Əməl dəftərləri açılacağı zaman…”[1] həqiqətini əks etdirirlər. Məhz bu yerdə uca bir Zatın varlığı əyan-bəyan ortaya çıxır.

İxtira dəlilinə gəldikdə isə, şüursuz, donuq və bəsit səbəblərin bütün insanları heyrətə gətirən, hər biri bir qüdrət möcüzəsi, xariqüladə sənət əsəri olan varlıqları yaratması, onların yaradan olması mümkün deyil. Özləri yaradılmış olan səbəblər mövcudatı yarada bilməzlər. Mütləq qüdrət sahibi Allah hər bir məxluqa onun qabiliyyətinə uyğun və yalnız o növə xas vücud verərək onları öz Zatına dəlil etmişdir.

Həmçinin səbəblər yaratma qabiliyyətini daşımaq üçün həyat və şüura sahib olmalı, kiçicik bir zərrəni yaratmaq üçün belə, bir məqsəd ətrafında birləşməlidir ki, bu da mümkünsüzdür. Çünki səbəblər bəsit və acizdirlər, heç bir şeyi yarada bilməzlər. Buradan da görünür ki, bütün səbəbləri yaradan bir Zat vardır, o da Allahdır.


[1] “Təkvir” surəsi, 81/10