1. 461 dəfə oxunub ,   0 şərh   Çap et

Uca Rəbbimizin Qurani-Kərimin bir çox ayəsində əmr etdiyi namaz kamil və gözəl insan kimi yetişmək, Allaha qarşı ədəbli və yaxşı qul olmaq üçün vacib şərtidir. Şüurlu şəkildə qılınan namaz insanı hər cür pislikdən, pis əməllərdən qoruyur.

Onun üçün də namaz ən önəmli və ən fəzilətli ibadətlərin ­başında gəlir. Məhz bu səbəbdən Sevgili Peyğəmbərimiz namazı “dinin dirəyi” (Tirmizi, İman, 8) kimi xarakterizə etmişdir. İstəyirsinizsə, Peyğəmbərimizin o gözəl və dərin məzmunlu sözünə bir az aydınlıq gətirək. Keçmişdə insanlar çadırdan evlərdə yaşayırdılar. Bu çadırların ortasında qalın dirək olurdu və çadırı saxlayırdı. Dirək sınanda və yaxud yıxılanda istər-istəməz çadır da onunla bir­gə aşırdı. Beləliklə, Rəsulullah “namaz dinin dirəyidir” bəyanı və bənzətməsi ilə İslam binasının və iman evinin yalnız namazla möhkəm, ayaq üstə qalacağını bildirmişdir.

Namazın nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini vurğuladıqdan sonra suala qayıdaq. Əlbəttə ki, Uca Allahın nə bizim namazımıza, nə orucumuza, nə də başqa ibadətlərimizə ehtiyacı var. Yerdə, göydə və yerlə-göy arasında hər şeyi var edən Allahın bizim ibadətlərimizə bir ehtiyacı ola bilərmi? Ehtiyacı olan bizik. Necə ki sağlamlığımızı qorumaq, gümrah və güclü qalmaq üçün düzgün qidalanmağa ehtiyacımız var. Bir-iki yemək vaxtını buraxıb yemək yeməsək, dizimizdə taqət qalmaz, halsızlaşarıq. Bunun kimi ruhumuzun da mənəvi qidalara ehtiyacı var. Onun qidası isə başda namaz olmaqla Rəbbimizin bizlərdən istədiyi ibadətləri və gözəl işləri yerinə yetirmək, bizə verdiyi saysız-he­sabsız nemətlər müqabilində çoxlu şükür etmək və hər vəsilə ilə Onu anmaqdır.

Yenə ağlımıza “Allahın bizim ibadətlərimizə ehtiyacı olmadığı­ halda niyə israrla namaz qılmağımızı əmr edir?” sualı da gələ bi­lər. Bunu bir misalla izah etməyə çalışaq. Deyək ki, yemək-içməyə fikir vermədiyimizə, fəsillərə uyğun paltar geymədiyimizə və səhhətimizə başısoyuq yanaşdığımıza görə xəstələndik və həkimə getdik. Həkim bizi başdan-ayağa yaxşıca müayinə etdi. Xəstəliyimizi və səbəbini müəyyən etdikdən sonra bizə bir resept yazdı. Sonra da xəstəliyin keçməsi üçün reseptdə yazılan dərmanları alıb müntəzəm şəkildə qəbul etməyi bərk-bərk tapşırdı: “Bu dərmanları vaxtlı-vaxtında və müntəzəm qəbul et. Bundan sonra da yeməyinə diqqət et. Hər nə gəldi, yemə. Düzgün qidalan!” – deyə tövsiyə etdi. İndi bizim sağalmağımıza çalışan həmin həkimə: “Həkim, mənim dərmanları qəbul edib-etməməyimin sənə nə xeyri var? Niyə bu qədər israr edirsən?” – desək, həm həkimə böyük haqsızlıq etmiş, həm də gülünc və­ziyyətə düşmüş olmarıqmı?

Beləcə bizi yoxdan var edən və ən gözəl şəkildə yaradan Rəb­bimiz də bizim dünyada və axirətdə rahat, xoşbəxt olmağımız üçün nəyə ehtiyac olduğunu bizdən daha yaxşı bilir.  Elə isə bizim vəzifəmiz Rəbbimizin əmr etdiyi ibadətləri – namaz başda olmaqla – böyük bir həvəslə, zövqlə yerinə  yetirmək deyilmi?

Rəbbimiz bizi ən düzgün yolda – peyğəmbərlərin, siddiqlərin yolunda hidayətə çatdırsın. Qəlblərimizi hidayətə çatdırdıqdan sonra əbədiyyən başqa səmtə yönəltməsin. Ayaqlarımızı haqq din olan İslamda sabitqədəm, möhkəm eyləsin.




Şərh yaz