Aylıq namaz vaxtları
1. 152 dəfə oxunub ,   0 şərh   Çap et

Əgər siz Allaha layiqincə və tam təvəkkül etsəniz, O da sizə sabah yuvalarından ac çıxıb axşam tox qayıdan quşlar kimi ruzi verər”[1].

Allaha və digər dini əsaslara həqiqi imanın kökündə dayanan təvəkkül qəlbin Allaha tam etimad edib güvənməsi və Ondan qeyri hər şeydən uzaqlaşması deməkdir. Başqa sözlə, təvəkkül bir iş üçün tələb olunan səbəbləri qüsursuz yerinə yetirmək, sonra da Sonsuz Qüdrət sahibi Allahın hökmünü səbirlə gözləməkdir. Qurani-Kərimdə buna işarə mahiyyətində belə buyurulur: “Qəti qərara gələndə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”[2].

Təvəkkül hər bir mömin üçün bir ideal və hədəfdir. İman kamilləşdikcə ona paralel olaraq təvəkkül hissi də dərinləşir. Təvəkkülün kamilləşməsi imanda dərinləşməyin və mənəvi yüksəlişin bir göstəricisidir.

Təvəkkül duyğusu daima yeni sərmayə və iş sahələri axtarışında olan iş adamları və ticarətçilər üçün bambaşqa anlam və dəyər kəsb edir. Çünki təvəkkül bir küncə çəkilib aciz-aciz gözləmək və “bir tikə, bir xirqə” anlayışı ilə hərəkət etmək deyil. Əksinə, təvəkkül bütün lazımi işləri görmək, sonra da Allahın güc və qüvvətinə arxalanıb nəticəni Ondan istəməkdir. Əvvəllər bu həqiqəti “Əsbaba təvəssül təvəkkülə mane deyil” ibarəsi ilə ifadə edərdilər, yəni səbəbləri yerinə yetirmək təvəkkülə mane olmur, hər ikisi öz-özlüyündə əhəmiyyətlidir. Həzrət Mövlana da belə deyir: “Bəli, təvəkkül nə qədər rəhbər (əsas) olsa da, səbəblərə riayət də Peyğəmbərin sünnəsidir. Allah Rəsulu hüzuruna gəlib “Dəvəmi bağlayım, yoxsa təvəkkül edim” deyən bədəviyə uca səslə: ”Dəvənin dizini iplə bağla, o cür təvəkkül elə!” – buyurmuşdu”[3].

Yuxarıda verilən hədisi-şərifdə incə məqam var. Belə ki, quşların təvəkkülü onların yuvada oturub ruzi gözlədiyinə görə deyil, əksinə, səhər yuvadan çıxdığına və ruzi dalınca getdiyinə görə təriflənir. Allah da onların bu feli (əməli) dualarını qəbul edib ruzisini əsirgəmir. Təbiətin ümumi axarına baxanda bu ilahi qanunun hökm sürdüyünü müşahidə edir, bu həqiqətin biz insanlara ibrət və xəbərdarlıq olduğunu görürük.

Bəli, “ruzi verən Allahdır” düşüncə və şüuru ilə çalışmaq xüsusi əhəmiyyət kəsb edir. Çünki bəndə bilir ki, nə qədər çırpınır-çırpınsın, Allah diləmədikcə o iş görmək və xeyirli nəticə əldə etmək mümkün deyildir. Bununla yanaşı, aciz halda gözləmək də Allahın muradına ziddir. Biz çalışmalı, zəhmət çəkib işləməliyik ki, Allahdan uğur və müvəffəqiyyət gözləməyə üzümüz olsun.

Həzrət Ömər (r.a) başlarını önünə əyib hərəkətsiz oturan bir dəstə yəmənliyə rast gəlmiş, “Siz nəçisiniz?” – deyə  soruşmuş, onlar da “Biz mütəvəkkil (təvəkkül edən) adamlarıq” cavabını vermişdilər. Orada olan başqa insanlar da onları müdafiə etmək üçün: “Ey möminlərin xəlifəsi! Bu şəxslər Quran əhlidir. Biz bir şey versək, yeyərlər, olmayanda da səbir edərlər”, – demişdilər.  Bunu eşidən Həzrət Ömər onlara belə səslənmişdi: “Xeyr! Siz mütəvəkkil deyil, mütəəkkil (yəni hazır yeyən) insanlarsınız. Həqiqi mütəvəkkil toxumu torpağa səpib təvəkkül edəndir”[4].

Xülasə, müsəlman ticarətçi bu təvəkkül anlayışına sahib olmalıdır, yeni bir iş görmək və sərmayə qoymaq qərarına gələndə yaxşı-yaxşı götür-qoy etməli, yüz ölçüb bir biçməlidir. Lazım gəlsə, o sahənin təcrübəli mütəxəssisləri ilə məsləhətləşməlidir. Bütün ilkin hazırlıqları görüb işə başlayanda da Allaha güvənməli və işinin xeyirli nəticələr verməsi üçün dua etməlidir. Bütün bunlarla birlikdə bir ilahi hökmü də heç vaxt unutmamalıdır: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu lütf edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir”[5]

[1] Tirmizi, Zühd, 33; Əhməd ibn Hənbəl, Müsnəd, I, 30; Hakim, Müstədrək, IV, 354.

[2] “Ali İmran” surəsi, 3/159.

[3] Tirimizi, Sifətül-qiyamə, 60; İbn Hibban, əs-Səhih, II, 510.

[4] Beyhaqi, Şüabul-iman, II, 81.

[5] “Talaq” surəsi, 65/23.



Açar sözləri

təvəkkül

Bənzər məqalələr

Şükür etmək

Şükür duyğusu bizə əmanət olaraq verilmiş bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu qəbul etmək və bütün davranışlarını bu müstəvidə qurmaqdır. Elə başa düşülməsin ki, şükürlü olmaq ətalətli olmaq və ya təşəbbüssüz olmaq deməkdir. Şükür duyğusunun təməlində təvəkkül anlayışı dayanır. Yəni bir şey əldə etmək istəyirsənsə, bunun üçün lazım olan bütün şərtləri yerinə yetirib, nəticəni Allahdan istəməlisən və verdiyi hər şeyə də razı olmalısan.

Əvvəl tədbir, sonra təvəkkül

Təvəkkül, hər hansı işdə nəticə əldə etmək üçün lazımınca səy göstərdikdən sonra işin nəticəsini Allaha həvalə etmək deməkdir. Təvəkkül eyni zamanda Allaha imanın əməli göstəricisidir. Başqa sözlə, Allaha iman Ona olan güvən və etimadla düz mütənasibdir.

Təvəkkül nədir? İslamda təvəkkül anlayışı necədir?

Təvəkkül lüğəvi mənasına görə, “dözmək, güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək” deməkdir. Dini termin kimi “Müsəlmanın bir işlə bağlı öhdəsinə düşən bütün vəzifələri və səbəbləri yerinə yetirdikdən sonra nəticəni Allaha həvalə etməsi, sadəcə Ona güvənib arxalanması” anlamını daşıyır.


Şərh yaz

*