2. 607 dəfə oxunub ,   0 şərh   Çap et

Allah insana özünəməxsus, müstəsna qabiliyyətlər bəxş etmişdir. İnsan bu qabiliyyətlərini Allahın buyurduğu yolda istifadə edərsə, mələkləri də ötüb keçərək uca məqamlara yüksələ bilər. Bəşəriyyət səmasının ulduzları olan peyğəmbərlər, siddiqlər, övliyalar bunun göstəricisi, dəlilidir. İnsanın çəyirdək şəklində olan bu qabiliyyətləri inkişaf etdirib cənnət layiq hala gətirməsi üçün bir hərəkət və mübarizəyə ehtiyac var. Necə ki bir toxumun rişə salıb boy atması və meyvə verən bir ağac olması üçün onu torpağa basdırıb sulamaq lazımdır. Əks təqdirdə, o çəyirdək sadəcə çəyirdək olaraq qalar və bir müddət sonra da çürüyüb torpağa qarışar. Yəni Allah şeytanları insanın çəyirdək halında olan qabiliyyətlərini, istedadlarını inkişaf etdirməsinə və mənən yetkinləşib yüksəlməsinə vəsilə olmaq üçün yaratmışdır.

Şeytanların hücumları olmasa, insanların qabiliyyətləri inki­şaf etməz və hamı eyni səviyyədə qalar. Belə ki, şeytanlar mə­lək­­lərə təsir edə bilmədikləri üçün onların məqamı sabitdir, dəyişmir. Heyvanlarda da mənəvi yüksəliş, yaxud mənəvi tənəzzül ola bil­məz. Lakin insanın məqamı sabit deyil. İnsan üçün mələkliklə heyvanlıq arasında, hətta mələkdən üstün, heyvandan aşağı bir çox dərəcələr vardır. İnsan Allahın verdiyi qabiliyyətlərdən doğru-düzgün istifadə edərsə, nəfs və şeytanla mübarizə aparmaqla mələkləri belə ötüb keçə bilər. Buna ən gözəl örnək Peyğəmbərimizdir. Peyğəmbərimiz Merac zamanı uca bir mə­qama yüksəlmiş, hətta Cəbrail əleyhissalamı geridə qoymuşdur.

Məsələnin digər tərəfi də budur: bəli, Allah şeytanları yaratmış və insanları imtahana  çəkmək üçün vasitə etmişdir. An­caq qullarını da müdafiəsiz, çarəsiz qoymamış, mələklərlə, pey­ğəmbərlərlə, kitablarla dəstəkləmişdir. Həm də insana yaxşı ilə pisi, doğru ilə yanlışı ayırd etmək üçün ağıl, şüur, vicdan kimi qabiliyyətlər vermişdir.

Lakin bütün bunlarla yanaşı, tarix boyu nəfsinin əsirinə çevrilib şeytanın ardınca cəhənnəmə yuvarlanan böyük bir kütlə də olmuş, bundan sonra da olacaqdır. Bu  vəziyyət ilk baxışda şər kimi görünə bilər, amma nəticəsi etibarilə bütünlüklə xeyirdir. Bunu bir misalla bir qədər də aydınlaşdıraq; tutaq ki, bir adamın əlində yüz xurma çəyirdəyi var. Bu adam çəyirdəyin hamısını torpağa basdırıb, sulayır. Nəticədə iyirmi xurma çəyirdəyi bitib ağac olur, yerdə qalan səksəni isə çürük olduğuna görə cücərmir. İndi bu adama: “Sən nə pis iş gördün. Səksən dənə çəyirdəyin çürüməsinə səbəb oldun”, – deməyə haqqımız varmı? O iyirmi xurma ağacı iyirmi min, bəlkə də, iyirmi milyon çəyirdəkdən daha xeyirlidir.

Şeytanları oda da bənzətmək olar. Odun insanlara saysız-hesabsız faydaları vardır. Xörək bişirdiyi ocaqda ehtiyatsızlıq ucbatından əlini yandıran bir insan: “Allah odu niyə yaradıb, od çox pis şeydir”, – deyə bilərmi?

Şeytanların yaradılışında da bir çox hikmət və fayda vardır.­ Öz səhvləri ucbatından şeytanın hiylə və tələlərinə düşüb cə­hən­nəmə gedənlərin sayı cənnətə gedənlərə nisbətən çox ola bilər. Ancaq bəzi hallarda dəyər çoxluğa görə ölçülmür. Məsələn: bir kiloqram almaz bir ton kömürdən qat-qat bahalıdır. Bunun kimi, şeytanla mübarizədə insanlığın zirvəsinə yüksələn bir Allah dostu öz iradəsi ilə şeytanın arxasınca gedib küfr bataqlığına yuvarlanan minlərlə kafirdən üstündür. Elə isə şeytanların yaradılması və insanlara təmizlənmə vəsiləsi edilməsi nəticə etibarı ilə xeyirdir. Hikmətə və ədalətə tam uyğundur.

Allah-Təala bizləri şeytanın şərindən hifz etsin. Onun hiylə və tələlərini, vəsvəsələrini mənəvi dərəcələrimizin yüksəlməsinə və ilahi dərgaha yaxınlaşmağa vəsilə etsin.



Açar sözləri

əqidə

Şərh yaz