Aylıq namaz vaxtları
842 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ətraf mühitə olduqca diq­qətli davranmış, canlı-cansız hər şeydən düzgün istifadəni əmr və ifrata varmağı qadağan etmişdi. Bu da təbii idi, çünki Ona vəhy edilən İlahi bəyan yer və göyün Allahı zikr və təsbih edən varlıqlar olduğunu vurğulamış, dağların, ağacların, heyvanların, quşların da öz dilləri ilə təsbih Yaradanı zikr etdiyini xatırlatmışdır. Həm də Qurani-Kərimin bəzi surələri (“Bəqərə”, “Nəml”, “Fil”, “Ənkəbut” kimi) heyvan adları ilə adlandırılmışdır ki, bu dinimizin digər canlılara  verdiyi dəyər baxımından diqqət çəkicidir.

Rəsulullah ağac əkməyin sədəqə vermək kimi savab qazandırdığını bildirmiş, Mədinə ətrafının yaşıllaşdırılmasına əhəmiyyət vermiş, kəsilən hər ağacın əvəzində yenisini əkməyi əmr etmişdir. Kəbə və ətrafı haram bölgəsi elan edilmiş, ağacından heyvanına, quşundan böcəyinə qədər – o ərazidə canlı öldürmək qadağan edilmişdi. Heyvan döyüşdürməyi yasaqlamış, heyvana işgəncə və əziyyət verənləri də lənətləmişdi. Zövq üçün ov etməyi xoş qarşılamamış, günahkar bir qadının bir itə su verib ölümdən xilas etdiyinə görə Cənnətə gedəcəyini, pişiyi ac qoyan birinin də bu hərəkətinə görə Cəhənnəmə atılacağını bildirmişdi.

Bir dəfə döyüşdən qayıdırdı. Yolda bir yerdə dayanıb istirahət edəndə bəzi səhabələr bir quş yuvası görmüş və yuvadakı balaları götürmüşdü. Elə bu vaxt ana quş gəlir, balalarını onların əlində görüb başları üstündə uçmağa başlayır. Allah Rəsulu bundan xəbər tutub bərk qəzəblənir və balaları yuvaya qoymağı əmr edir (Əbu Davud, Ədəb, 164.).

Əbu Hureyrə Allah Rəsulunun belə bir hadisə danışdığını rəvayət edir: “Peyğəmbərlərdən biri bir vadidən keçərkən kölgələnmək üçün ağac altında oturmuşdu. Oturduğu yerdə qarışqa yuvası var idi. Qarışqanın biri peyğəmbəri dişlədi. O da bunun nə olduğunu bilmədiyi üçün yuvanı yandırtdı. Bundan sonra Allah-Təaladan ona belə bir xəbərdarlıq gəldi: “Bir qarışqa səni dişlədiyinə görə Allahı daima təsbih edən bir ümməti yandırırsan?” Buradan aydın olur ki, bu qarışqalar da bir ümmətdir və bizim bilmədiyimiz dillə Allah-Təalanı təsbih edirlər.

Əbu Davud rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz: “Əgər itlər bir ümmət olmasaydılar, öldürməyi əmr edərdim”, – buyurur (Əbu Davud, Ədahi, 22). Bəli, onlar da bir toplumu təşkil edir. Ekoloji tarazlığın qorunmasında bu heyvanlar da az rol oynamır.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ətraf mühitin qorunması ilə əlaqədar sulara da həssas yanaşmış, suyun israf edilməsinin haram olduğunu bildirmiş, suyun ayaqyolu ehtiyacı ilə çirkləndirilməsini xoş qarşılamamışdı.



Açar sözləri

etraf mühit ətraf mühit

Şərh yaz