2. 971 dəfə oxunub ,   0 şərh   Çap et

İlk növbədə qeyd edək ki, çoxevlilik adəti ilk dəfə Rəsulullah (sallallahu əleyhi və səlləm) tərəfindən tətbiq edilməmişdir. Ondan əvvəl də bir çox peyğəmbər bir neçə qadınla ailə qurmuşdur. Tövrat Hz. İbrahimin bir neçə qadınla ailə qurduğunu, Hz. Davudun çoxlu zövcəsi ilə yanaşı, bir çox cariyələrinin də olduğunu, Hz. Süleymanın yeddi yüz xanımının, üç yüz cariyəsinin olduğunu (Kitabı Müqəddəs, 1. Krallar 11/3) deyir.

Quran çoxevliliyin yeni adət olmadığını, əvvəlki peyğəmbərlərin çoxlu qadınla evləndiyini xəbər verir: “(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik” (“Rad” surəsi, 13/38).

Demək ki, çoxlu qadınla izdivac birbaşa ehkam gətirən nə­bilər üçün bir mənada zərurətdir. Çünki dinin ailəyə aid bir çox tərəfləri var ki, bunları qadına ancaq əri öyrədə bilər. Buna görə də hər şeydən əvvəl peyğəmbərin bu pak zövcələri dinin qadınlara çatdırılmasında və qadınlar arasında yayılmasında mühüm rol oynayırlar.

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) ümumbəşəri və son peyğəmbər olduğunu düşünəndə və qiyamətəcən bütün insanların ehtiyacını, istəyini, qarşıya çıxan problemlərin həll yollarını göstərdiyini nəzərə alanda evlilik çox əhəmiyyətlidir. Ən həssas və məhrəm məsələlər də daxil olmaqla, bütün bunların insanlara  çatdırılması peyğəmbərin hər halına şahid olan zövcələri ilə mümkündür. Peyğəmbərimizin bir neçə qadınla nikah bağlamasını bu aspektlərdən izah etmək olar:

1. Təlim-tərbiyəyə aid məsələlər

a. İslam dini ən sonuncu dindir. Dolayısilə, ümumbəşəri olmalı, bütün insanların ehtiyaclarına cavab verməlidir. Buna görə də həyatın bütün tərəflərini əhatə edən prinsiplər gətirməlidir. Ev həyatı, ailə həyatı, ailədaxili münasibətlər və s. hamısı açıq-aydın ortaya qoyulmalıdır ki, insanlar suallarına cavab tapa bilsinlər. Əks təqdirdə ümumbəşəri olmaz.

Bunun üçün də bu dinin Peyğəmbərinin həyat tərzini, sözlərini, ailədə davranışını ən incə nöqtələrinə qədər bilmək və gələcək nəsillərə ötürmək lazımdır.

Yuxarıda sadalanan halların reallaşması üçün Peyğəmbərin evində bir deyil, bir neçə fərqli xarakter və yaşda insan olması zərurəti meydana çıxır. Bunlar da ancaq və ancaq Onun zövcələri ola bilər, çünki ailədə ərə arvadından yaxın ikinci bir şəxs yoxdur. Allah Rəsulu bu ehtiyacları nəzərə alaraq bir neçə qadınla ailə qurmuşdur.

b. Çox vaxt Peyğəmbərin zövcələri qadınlara aid dini hökmlərin qadınlara çatdırılmasında vasitəçi olurdular. Peyğəmbərin bir neçə qadınla ailə qurması bu vasitəçilərin çoxalmasına və  qadın­la­rın İslamı daha asan öyrənməsinə gətirib çıxarırdı. Bu xanımların hər birinin qohum-əqrəbası və həmyaşıd rəfiqələri var idi. Belə olmasaydı, ümmət  xanımlar vasitəsi ilə peyğəmbərdən rəvayət edilən minlərlə hədisdən məhrum qalacaqdı. Beləliklə, minlərlə məsələ həllini tapmayacaqdı.

c. İslam dinində bir çox məsələlər var ki, Peyğəmbərimizin bunları birbaşa qadınlara izah etməsi mümkün deyil. Bunlar qadınların xüsusi və məhrəm hallarına aiddir. Bu məsələləri də Rəsulullahın xanımları izah edirdi.

ç. Sünnə İslam Peyğəmbərinin təkcə sözlərindən ibarət deyildir. Onun hal və hərəkətləri, bəzi vəziyyətlərdə verdiyi qərarlar da sünnə sayılır. İnananlar bunların da sözlü sünnə kimi bir həyat düsturu olaraq qəbul etməkdə mükəlləfdir. Bu vaxt yenə köməyimizə Onun xanımları çatır.

d. Xanımları arasında yaşlı, orta yaşlı və gənclər olduğuna görə hər yaş dövrünə uyğun ehkamlar tətbiq edilmə imkanı tapırdı.

e. Rəsulullahın hər qəbilədən aldığı qadın Onun sağlığında və vəfatından sonra öz qəbiləsi arasında dinin yayılmasında mühüm rol oynayır, uzaq-yaxın bütün qohumlarına zahiri və batini Əhmədiyyə mövzusunda tərcüman olurdular. Bu sayədə həmin qadının qəbiləsi Quranı, təfsiri, hədisi ondan öyrənir və dinin ruhundan xəbərdar olurdu.

ə. Allah Rəsulu yaşlı, gənc və orta yaşlı qadınlarla ailə qurmuşdu. Çünki hər yaş dövrünün özünəməxsus problemləri var. Rəsulullahın yaşayış tərzini, hər yaşa uyğun cavabını ümmətə nəql etmək və vacib məsələləri onlara ötürmək nübüvvətin bir vəzifəsi olub, xanımlar vasitəsilə yerinə yetirilmişdir.

2. Cəmiyyətlə bağlı məsələlər

a. Rəsulullahın (sallallahu əleyhi və səlləm) ailə qurduğu qadınların bir çoxu dul, kimsəsiz və yetimləri ilə köməksiz qalmış qadınlar idi. Ərini itirən, uşaqları ilə çarəsiz qalan bir qadının vəziyyətini azca düşünsək, məsələnin nə qədər önəmli olduğunu görərik. Cəmiyyəti təşkil edən bu insanlara yardım etmək, onlara əl tutmaq lazım idi. Onlar da bir sıra məhrumiyyətlərdən və çətinliklərdən xilas olmalı idilər. Elə buna görə də Peyğəmbərimiz bu kimsəsizlərin kimsəsi olur və onların dar günündə dadına çatırdı.

b. Cəmiyyətdə kimsəsiz və dul qadınlara yardım etməklə eyni şərtlərlə üz-üzə gələcək insanlara bu məsələdə necə hərəkət edilməsini, belə bir problemin həll yollarını birbaşa göstərmiş olurdu.

c. Allah Rəsulunun bəzi qadınlarla ailə qurmasının bir sıra ictimai yönləri də vardı: Hz. Əbu Bəkrin və Hz. Ömərin qızları ilə ailə qurması Qüreyşlə əlaqələri daha da möhkəmləndirirdi. Beləliklə, Müsəlmanlar Qüreyşlə daha da yaxınlaşırdılar; o dövrdə əhəmiyyətli olan qohumluq münasibətlərinin təsiri ilə onların da İslama isinməsi sürətlənir, qəlblərin bu dəvətə yönəlişi artırdı.

ç. Hz. Aişə Rəsulullahın ən çox sevdiyi insan, İslamı tərəddüd etmədən qəbul edən və vəfatından sonra da dövlətin başına keçən Hz. Əbu Bəkrin qızı idi. Əbu Bəkrin fədakarlıqlarına müqabil qızını almaqla ona ən gözəl mükafat vermiş olurdu. Bunu Hz. Ömərin qızı Hz. Hafsada da görmək mümkündür.

3.Hökm verməklə bağlı məsələlər

a. Rəsulullahın bir neçə qadınla ailə qurmasının bir hikməti də yeni bir sıra hökmlərin verilməsi ilə bağlıdır. Cahilik dövründən qalmış bəzi yersiz adətlər var idi. Bunların ləğv olunub yeniləri ilə əvəz edilməsi lazım idi. Bunu da ancaq Allah Rəsulu edə bilərdi. Çünki başqa insanların köhnə cahiliyyə adətlərini İslam hökmləri ilə də­yiş­dirməyə qalxışması mümkün deyildi.

Buna övladlığa götürmə məsələsini misal verə bilərik. İslamdan əvvəl Ərəb adətlərindən biri də övlad götürmək idi. Onlar bu adəti qədimlərdən miras qalan ənənə hesab edirdilər. Biri başqasının uşağını övladlığa götürür, miras, nikah, evlənmə yasağı və s. kimi doğma övlada aid olan bir çox məsələləri ona da şamil edirdi.

Rəsulullah da İslamdan qabaq Zeyd ibn Harisəni övladlığa götürmüşdü. Hər kəs onu Zeyd ibn Məhəmməd çağırırdı. Ancaq heç bir əsasa söykənməyən bu adətin aradan qaldırılması lazım idi. Buna görə də Rəsulullahın Hz. Zeydin boşadığı Hz. Zeynəblə ailə qurması ilə bu batil adət ləğv edilmiş oldu.

b. Bununla yanaşı, azad olunmuş kölədən boşanmış bir qadınla ailə quraraq kölələrin də bir insan olduğunu, insanlarla bərabər haqlara malik olduğunu, onların boşadığı qadınlarla nikah kəsməyin heç bir qəbahət olmadığını göstərirdi.

4. Siyasi məsələlər

a. İslam Peyğəmbərinin bəzi qadınlarla ailə qurması isə siyasi məqsəd daşıyırdı. Bunlar sayəsində bir çox qəbilə İslam ətrafında birləşmişdir. Bu da bir həqiqətdir ki, bir şəxs bir ailə ilə qohum olduqda həmin ailə və ailənin mənsub olduğu qəbilə (xalq) ilə istər-istəməz yaxın münasibətlər qurulmuş olur. Düşmən münasibətlər yox olur, kin və nifrətin yerini sevgi və mehribanlıq tutur.

Bunu çox yaxşı bilən Allah Rəsulu bəzi qadınlarla ailə qurmaqla onların qəbilələrini İslama yaxınlaşdırmaq istəmişdi. Mə­sə­lən, Cüveyriyyə binti Haris ilə Safiyyə binti Huyeyy və Rəmlə binti Əbu Sufyanla nikahı bu qəbildəndir. Bu analarımızın üçü də cəmiyyətdə nüfuzlu şəxslərin qızıdır. Cüveyriyyə ilə Safiyyənin ataları yəhudilərin rəhbərlərindən idi. Rəsulullahın bu qadınlarla ailə qurması yəhudilərlə qohumluq bağlarının yaranmasına, onlarla daha yaxın münasibətlərin meydana gəlməsinə və bunun sayəsində bir çoxunun İslamla şərflənməsinə nail olmuşdular.

Əbu Sufyanın qızı Rəmlə ilə ailə qurmaq da eyni mahiyyəti daşıyır. Bu­nunla da müsəlmanların amansız düşməni Əbu Sufyan yum­şal­mış, İslamı qəbul etmiş və bununla da Əməvilərlə yaxın  mü­na­si­bətlər qurulmuşdu.

b. Bəziləri Peyğəmbərə o qədər kin və nifrət bəsləyirdi ki, ailə bağları olmasaydı, bu kinin məhvi mümkün deyildi. Beləliklə, bu izdivac Allahın fərz buyurduğu Peyğəmbər sevgisinə səbəb olmuşdur.

c. Sonralar bir çoxları bu üsuldan istifadə etmişdir. Osmanlı tarixinə baxanda bunun bir çox örnəyini görürük. Sultanın xanımlarının bir qismi başqa xalqlara mənsub olmuşdur. Sultanlar digər dövlətlərlə daha yaxın əlaqələr qurmaq, oralarda əleyhinə olacaq dəyişiklikdən doğru və vaxtında xəbər tutmaq və s. kimi məqsədlərlə bu xanımlarla evlənmiş, beləliklə, dövlət və millət olaraq bundan böyük fayda görmüşdür.

ç. Müsəlmanların zəif olduğu dövrlərdə isə bu silahdan tam əksinə istifadə edilmişdir. Düşmənlər bu qadınlar vasitəsilə ən gizli dövlət sirlərini, strategiyaları öyrənmiş, məqsədlərinə qısa yolla çatmağa nail olmuşlar.

d. Tarixə baxanda müsəlman ölkələrində yüksək vəzifəli şəxs­lərin, hətta dövlət başçılarının bir çoxunun ingilis, fransız, alman və s. əsilli qadınlarla evli olduğunu görürük ki, bu da güclü dövlətlərin zəifləri idarə etmə strategiyasıdır. Ancaq Allah Rəsulu bundan həmişə müsbət yöndə istifadə etmiş, bu vasitə ilə onların İslama girməsini, dolayısilə, dünya və axirət səadətinə çatmasını düşünmüşdür.

Yuxarıda deyilənlərdən aydın olur ki, Allah Rəsulunun hər ni­kahı bir qayə ilə bağlıdır. O qətiyyən qadın düşkünü olmamışdır.  Çox qadınla ailə qurması və onları mükəmməl idarə etməsi peyğəmbərlik dəlillərindən birini təşkil edir.




Şərh yaz