1. 978 dəfə oxunub ,   0 şərh   Çap et

Allah bizim nə edəcəyimizi bilir, lakin biz nə edəcəyimizi bilmirik. Allah-Təala  bizi nə edəcəyimizi, necə insan olacağımızı, lütf etdiyi nemətləri necə dəyərləndirəcəyimizi göstərmək üçün dünyaya göndərmişdir. Göndərmişdir ki, Qiyamət günü cəzalananlar: “Allahım, mənə fürsət versə idin, oruc tutar, zəkat verər, böyük xeyirlər edib yaxşı insan olardım”,– deyə etiraz edə bilməsinlər.

Bunu bir misalla daha yaxşı anlaya bilərik. Təcrübəli və uzaq­görən bir müəllim təsəvvür edək. Bu müəllim tədris ilinin başlanmasından iki-üç həftə keçməmiş şagirdlərin ilin sonunda alacağı qiymətləri təxmini müəyyənləşdirib bir tərəfə yazır. Sonra da il boyu şagirdlərinin hamısına eyni dərsləri keçir, eyni imkanları verir, eyni suallarla şifahi və yazılı imtahanlar aparır. İlin sonunda onların aldığı qiymətlər müəllimin ehtimal etdiyi kimi çıxır. Zəif qiymət verdiyi zəif, yüksək qiymət verdiyi isə yüksək qiymət alır.

Bu hadisənin iki cəhəti var. Birincisi, aşağı qiymət alanlar müəllimin təxmininə görə aşağı qiymət almayıblar. Əksinə, dərsləri diqqətlə dinləməmələri və lazımınca çalışmamaları ucbatından aşağı qiymət alıblar.  Yuxarı qiymət alanlar da onlar kimidir. Onlar müəllimin yaxşı təəssüratına görə deyil, məhz dərsləri diqqətlə dinlədikləri  və müntəzəm çalışdıqları üçün yaxşı qiymət alıblar.

Hadisənin ikinci tərəfi də belədir. Əgər müəllim şagirdlərinə tədris ilinin başlanğıcında: “Mən sizin necə çalışacağınızı və neçə qiymət alacağınızı bilirəm. Sənin qiymətin budur, səninki bu,”– desə və bəzilərinə yüksək qiymət, bəzilərinə aşağı qiymət versə, bəzilərini sinifdə saxlayıb, bəzilərini yuxarı sinfə keçirsə, aşağı qiymət alan və sinifdə qalan şagirdlərin etiraz etmək haqqı olmazdımı?

Bu misalda olduğu kimi, Uca Yaradanın biz dünyaya gəlməmişdən əvvəl necə insan olacağımızı bilməsi bizi yaxşıya, yaxud pi­sə yönəlməyə məcbur etmir. Bizim iradəmizi əlimizdən almır. Lakin Allah-Təala əzəli elmi ilə kainatın yaradılışından sonsuza qədər olmuş və olacaq hər şeyi bilir. Onun nəzərində keçmiş, indiki və gələcək zaman birdir. Heç bir şey Allahın elmindən kənarda qala bilməz. O, bütün zamanları eyni anda görür və bilir.

Haqq-Təala eyni zamanda mütləq ədalət sahibidir. Buna görə də bizləri dünyaya göndərdi və bizə bir fürsət verdi. Əgər Allah-Təala bizləri burada imtahan etməsə idi, o halda yaxşı ilə pis necə məlum olardı? Həzrəti Əbu Bəkir kimi almaz ruhlu insanlarla Əbu Cəhil kimi kömür ruhlu adamlar eyni səviyyədə qalardı. Allah-Təala kimin nə edəcəyini ortaya qoymaq üçün dünyanı bir imtahan meydanı kimi yaratmışdır. İnsanların cənnətə və ya cəhənnəmə getməsini də onların dünyadakı yaxşı və ya pis əməlləri, savab və ya günahları ilə əlaqələndirmişdir.

Allah belə bir imkan vermədən insanların bir qismini cəhənnəmə, bir qismini də cənnətə qoysa idi, cəhənnəmə gedənlər etiraz edə bilərdilər. Ancaq belə bir imtahandan sonra cəhənnəmliklərin əməl dəftəri qabaqlarına qoyulanda etiraz etməyə macalları olmayacaq. Onlara: “Bu, sizin dünyada etdiyiniz əməllərin əvəzidir”, – deyiləcək. Yeri gəlmişkən, burada bir mə­qamı da vurğulayaq: insan cəhənnəmə pis əməllərinin ucbatından gedir, cənnət isə Rəbbimizin saleh qullarına bir hədiyyəsi, bir lütfüdür.

Rəbbimiz bizlərə axirətin tarlası olan bu qısa dünya həyatını Onun rizası istiqamətində dəyərləndirib əbədi səadəti qazanmağı nəsib eləsin.




Şərh yaz