1. 258 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Nisab miqdarından çox alacağı olan bir şəxs həmin pulun zəkatını verməlidirmi?

Cavab: Başqalarının öhdəliyində olub nisab miqdarına çatan nağd pulları geri alacaq şəxslərin (borc verənlərin) həmin məbləği, zəkata daxil olub-olmaması baxımından üç qismə bölmək mümkündür:

   1.Qüvvətli alınacaq borclar: Borc olaraq verilən pullar, nisyə satılan ticarət mallarının əvəzi, borclu borcunu qəbul edirsə və ya borcun sənədlə sübuta yetirilmə imkanı varsa, bunlar qüvvətli alacaq hesab edilir. Ona görə də bu kimi alacaqların keçmiş illərə aid olan zəkatları da verilməlidir.

Qüvvətli və üstündən bir il keçmiş alacaqdan, zəkat verməklə məsul olan şəxs, zəkat nisabının ən az beşdə bir miqdarını əldə etdikdə, bu miqdarın zəkatını dərhal verər. Bundan az olarsa, zəkata daxil başqa malı da olmazsa, zəkatını dərhal verməsi vacib deyil.

İmam Məhəmmədə görə, qüvvətli alacaqlar, borclu olan tərəfdən inkar edilərsə, borcunu tələb edənin sübüta yetirən sənədləri olsa belə, daha sonra borc qaytarıldığı təqdirdə, keçmiş illərə aid zəkatını verməsi vacib deyil. Fitva da İmam Məhəmmədin bu rəyinə görə verilmişdir. Çünki hər sənəd hakim tərəfindən etibarlı sayılmır və hər kəs iddia qaldırma imkanı tapmaya bilər.

    2.Orta dərəcədəki alınacaq borclar: Ev və ya dükan icarəsi kimi zəkat predmeti olmayan bir əmlakdan gələn gəlirlər bu qismə daxildir. Bu kimi borclarda bir il keçmə müddəti kirəkeşin borclanmağa başladığı tarixdən etibarən başlayır və keçən hər bir il üçün zəkat verilməlidir. Ancaq tam nisab miqdarı qədər əldə edilmədikcə, eləcə də sahibinin zəkata daxil başqa malı da yoxdursa, zəkatını dərhal vermək məcburiyyəti yoxdur. Əbu Hənifədən daha sağlam sayılan bir rəvayətə görə, alınacaq bu kimi borcların keçmiş illərə aid zəkatlarını verməyə ehtiyac yoxdur. Nisab miqdarı qədər borcu alıb bir il keçdikdə və ya zəkata daxil başqa mal varsa, ilin keçməsi gözlənilmədən buna əlavə edilərək zəkatı verilir.

   3.Zəif alınacaq borclar: Hər hansı mal əvəzi olmadan başqasının öhdəliyində olan borclardır. Mehr, miras, vəsiyyət, müqaviləli boşanmada qadından alınan müxaliə əvəzi və alınacaq diyə kimi şeylər bu kateqoriyaya daxildir. Məsələn, mehr hər hansı mal mübadiləsindən əmələ gələn borc deyildir. Bu kimi borclardan nisab miqdarı əldə edilib üstündən bir il keçmədikcə zəkat vermək vacib deyil.

Yuxarıda qeyd olunan borcların təsnifatı Əbu Hənifəyə məxsusdur.

Nəticə etibarilə, verilən borcların hər birindən zəkat vermək vacibdir. Ancaq zəkat vermək verilən borcun geri alınmasından sonra fərz olur. Qüvvətli alınacaq borclarda nisabın beşdə biri alındıqda, orta və zəif borclarda isə, nisab miqdarı qədər alınan zaman zəkat verilməlidir. Bununla birlikdə, bir əvəz qarşılığı olmayan zəif borclar (məsələn mehr kimi), yeni qazanc əldə etmə xarakterli olduğu üçün, bunların üstündən bir il müddət keçməlidir. Zəkata daxil başqa bir mal mövcud olsa, bunlar bir-birinə əlavə edilərək zəkat verilir.

Əbu Yusif və İmam Məhəmmədə görə, diyə istisna olmaqla bütün borclar eynidir və qüvvətli borc kimidir. Əldə olunan borcun üstündən bir il keçməsə belə, zəkat verilir. Çünki borclunun yanında ikən keçən müddət borc verənin yanında keçmiş kimidir (bax. Kasani, “Bədayi”, II, 10).

Şafeilərə görə isə, qızıl, gümüş və ya ticarət malının müqabilindəki alınacaq borclar üçün, əldə etmə iqtidarı olduqda, keçmiş illərin zəkatı da verilməlidir. Ancaq alınacaq borc heyvan cinsindən və ya xurma, üzüm kimi qida maddələri qəbilindən olarsa, zəkat vacib olmaz (bax. Şirazi, “Mühəzzəb”, I, 142).

Dr. Anar Qurbanov




Şərh yaz