12. 782 dəfə oxunub ,   0 şərh   Çap et

Həyat yoldaşlarının bir-birini qısqanmalarının dərəcəsi

Bir kişinin xanımını qısqanması həm fitri baxımdan normaldır, həm də dinin tələbidir. Çünki ailə üzvlərinin şərəf və namuslarının qorunması ailə başçısının ən əsas vəzifələrindən biridir və qısqanclıq burada mühüm rol oynayır.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində belə buyurur: “İnsanın (ailəsini) qısqanması imandandır. Qısqanmaması isə nifaq əlamətidir”[1]. Bəzən qadın da həyat yoldaşını qısqana bilər ki, bu da normal davranışdır. Həzrət Əlinin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Yol verilən həddə ərini qısqanan qadın Allah yolunda cihad etmiş kimidir. Ona bir şəhid mükafatı vardır”,– buyurmuşdu[2].

Qısqanclıq əsassız qorxudan yaranmamalı, adi, əhəmiyyətsiz şeylərə, kiçik hallara baxıb qarşı tərəfin nədəsə ittiham edilməsinə səbəb olmamalı və ailə həyatını hər iki tərəf üçün yaşanmaz hala gətirməməlidir. Ortada heç bir səbəb və dəlil olmadığı halda, ərlə arvadın bir-birinə şübhə ilə yanaşması, qısqanması onların bir-birinə olan güvənc və etibarlarına xələl gətirir, eyni zamanda ailədə sağlam ab-havanı zədələyir. Bu cür davranış tərzi Qurani-Kərimdə də qadağan olunmuş sui-zən anlamına gəlir. Heç bir dəlilə, sübuta əsaslanmadan kiminsə bir başqasını nədəsə günahlandırmağa haqqı yoxdur. Bəli, kişi arvadını qısqanmalıdır, ancaq bu qısqanclıq sağlam düşüncə, ağıl və məntiqdən kənara çıxaraq yersiz fikirlərə, əsassız narahatçılıqlara qapı açmamalıdır.

Digər tərəfdən qısqanclıq daxili duyğudur və müxtəlif davranışlar şəklində təzahür edə bilir. Lakin bu zaman tərəflər bir-biri ilə xoşrəftar etməli və aradakı səmimiyyət qorunmalıdır. Bu səbəbdən də arvadını qısqanan kişi hər şeydən öncə onun geyim-keciminə fikir verməlidir. Digər tərəfdən də çalışmalıdır ki, həyat yoldaşı mümkün qədər yad kişilərlə bir arada olmasın. Qadın da ərinin bu məsələyə həssasiyyətini daim nəzərində saxlamalıdır. Buna görə danışığına, geyim-keciminə, hərəkət və davranışlarına diqqət etməli, cəlbedici ətirlər vuraraq naməhrəm kişiləri təhrik etməməlidir. Qadın yalnız öz həyat yoldaşı üçün bəzənib-düzənməlidir.

Həzrət Əli (radiyallahu anh) qadınlarını qısqanmayan bir bölgə camaatına bu şəkildə xəbərdarlıq etmişdi: “Eşitdiyimə görə, qadınlarınız bazar-dükana tək çıxır, yad kişilərin arasında gəzirlər. Sizdə heç qısqanclıq hissi yoxdur bəyəm? Bir şeyi yadda saxlayın ki, qısqanmayan insanda xeyir yoxdur. Qısqanclıq iki cürdür. Birincisi gözəl qısqanclıqdır ki, insan bu yolla ailə üzvlərini islah edərək pis yollara düşmələrinin qarşısını alır. İkincisi isə pis qısqanclıqdır ki, insanı Cəhənnəmlik edir”[3].

İslam fiqhinə görə, kişi ana-atanı ziyarət etmək, yaxud dini elmləri öyrənmək kimi bir qisim zəruri hallardan başqa həyat yoldaşının bayıra çıxmasına məhdudiyyət qoya bilər. Ancaq tərəflər bu məsələdə çox diqqətli olmalı, bir-birinə qarşı kobud, sərt davranmaqdan çəkinməlidirlər. Bütün bunlarla yanaşı, müasir dövrün şərtlərini də nəzərə almaq, onlara uyğun hərəkət etmək lazımdır.

İnanırıq ki, islami hökmlərə riayət edən, ikitərəfli etimad və saf sevgi ilə yaşayan ailələr qısqanclıqdan əziyyət çəkməyəcək, çünki qısqanclığın özünə yer etdiyi ailələrdə qarşılıqlı etimadın sarsıldığını söyləmək mümkündür. Bu cür ailələrdə hər bir hərəkət söz-söhbətə səbəb olur və ailə həyatı tədricən yaşanmaz hala gəlir. Ona görə də qısqanclığın ağır bir problemə çevrilməməsinin əsas şərti Quran və Sünnənin əmrlərinə tabe olmaq və ərlə arvad arasında sevgi və qarşılıqlı etimada əsaslanan həyat tərzi formalaşdırmaqdır.  

[1]Beyhaqi, “Şüabul-iman”, 7/411 (10797)

[2]Əli əl-Müttəqi, “Kənzül-ummal”, 4/4415 (11172)

[3]Əli əl-Müttəqi, “Kənzül-ummal”, 3/780 (8735-8736); M. Yusif Qandəhləvi, “Həyatüs-sahabə”, 3/330.



Açar sözləri

ailə arvad ər qısqanclıq

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.


Şərh yaz