Aylıq namaz vaxtları
3. 173 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın ailəsi yer üzündə keçmiş və gələcək ən məsud, ən bəxtiyar və ən bərəkətli ailə idi. Onun evindən hər zaman səadət qoxusu gələrdi. Bəlkə də, bu ailə dünyanın ən yoxsul evlərindən biri idi, bəzən aylarla qazan asılmaz, şorba qaynamazdı. Xanımları isə kiçik bir otaq və ya darısqal bir daxmada yaşayırdı. Bu, bəxtiyar qadınlar Allah Rəsulu ilə həftədə bir iki saat birlikdə olmağı dünyanın hər şeyindən üstün tuturdular. Xoşbəxt, hüzurlu və məsud idilər.

Onun bütün övladları sağlığında vəfat etmişdi, bircə Həzrət Fatimədən başqa: o da ömrünü məşəqqət içində keçirmişdi. Yəni Allah Rəsulu onu da firavan həyatla təmin etməmişdi. Ancaq istər Rəsulullahın xanımları, istərsə sevimli qızı Həzrət Fatimə Onu dəlicəsinə sevir və hər şeydən, hər kəsdən əziz tuturdu. Allah Rəsulunun onların qəlbində bambaşqa yeri vardı.
Atası vəfat edincə Həzrət Fatimənin günlərlə qurumayan qanlı göz yaşları cahanı ağlatmış, yanıqlı ağıları yer-göyü lərzəyə gətirmişdi. Atasının ayrılığına altı aydan çox dözə bilməmiş və bir gün Onun yanına, həm də sevinə-sevinə köçüb getmişdi. Heç bir övlad Həzrət Fatimə qədər atasını istəməmişdi. Heç bir ata da övladlarını Allah Rəsulu qədər – təbii ki, islami ölçüdə – sevməmişdi. Onun xanımları ilə münasibəti də bundan geri qalmırdı. Heç bir qadın Allah Rəsulunun xanımları qədər həyat yoldaşını, heç bir kişi də Allah Rəsulu qədər xanımlarını sevməmişdir. Onun ətrafında təşəkkül edən bu sevgi haləsi, əlbəttə, səbəbsiz deyildi. Allah Rəsulu tərbiyə üsulu ilə ailəsinin ürəyində sonsuz sevginin təməllərini atmışdı. Bu sevgi haləsi ailədən başlayaraq ətrafa yayılmış və bütün cahanı əhatə etmişdir. Bu da Onun fətanətinin bir göstəricisidir.
Təsəvvür edin, Allah Rəsulu vəfat edəndə bütün xanımlarına bircə ev də miras qoymamışdı. Ömürləri boyu darısqal otaqlarda yaşamışdılar: onlara bu otaqlardan artıq bir şey də qalmamışdı. Kainat Onun hörmətinə xəlq edilmişdi, amma o İki Cahan Sərvəri xanımlarına bundan başqa bir şey verməmiş, onları yoxsulluq və ehtiyac içində tərk edib dünyadan köçmüşdü. Ancaq heç bir xanımının dilindən şikayət eşidilməmişdir. Bir-ikisinin ağlına (Rəsulullahın sağlığında) belə bir şey gəlsə də, çox keçmədən nazil olan ilahi xəbərdarlıqla həyat tezliklə əvvəlki axarına düşmüşdü.
Həzrət Əbu Bəkir xəzinədən Rəsulullahın xanımlarına yardım edir, onlar da aldıqları ilə kifayətlənirdilər. Elə çox şey də almırdılar, sıravi insanlara nə qədər verilirdisə, onlara da o qədər. Bəli, Həzrət Əbu Bəkir Rəsulullahın xanımlarını ilk müsəlmanlarla eyni cərgəyə qoymamış və onlara çox az miqdarda məvacib ayırmışdı. Onun qərarı – ictihadı bu cür idi. Ancaq Həzrət Ömər xəlifə olunca, Allah Rəsulunun xanımlarını ən yüksək məvacib alanlarla bir tutdu. Onun fikrincə, Peyğəmbər xanımlarının hamısı ilk müsəlmanlardan olmasalar belə Allah Rəsuluna ən yaxın olduqları və qiyamətə qədər möminlərin anaları sayıldıqları üçün Sabiqunu-Əvvəlinin (İlk müsəlmanların) sırasına daxil edilməli idi. Ancaq bizim məqsədimiz bu məqamı vurğulamaq deyildir. Sadəcə əzvaci-tahiratın Rəsulullahın tərbiyəsi ilə əlçatmaz zirvələrə yüksəldiyini nəzərə çatdırmaq istəyirik. O, kamil ailə başçısı və mükəmməl tərbiyəçidir, qısa müddətdə xanımlarının könül və ruhunda taxt qurmuşdur. Halbuki onlara heç zəruri ehtiyaclar qədər də dünya malı verməmişdi. Demək ki, Onda bambaşqa cazibə vardı və bu cazibə ilə hər kəsi heyran qoyurdu. Bu da Onun risalətinin bir yönünü təşkil edir.
Allah Rəsulunun çox qadınla evlənməsinin peyğəmbərliyinə bir dəlil olduğunu yeri gəlincə ərz edəcəyik. Ancaq burada bu məqama toxunmadan keçməyəcəyik: Peyğəmbərimizin evi qadınlara aid məsələləri, dini əmrləri təlim edib öyrədən bir mədrəsə rolunu oynayırdı. İslamın ailə anlayışı o məhrəm yuvada öyrənilir, daha sonra da ümmətə nəql edilirdi. Ailə həyatına aid hökmlərin doxsan faizini Allah Rəsulunun pak zövcələri vasitəsilə öyrənmişik. Başqa sözlə, Onun ailəsində səviyyə və mövqe baxımından fərqli qadınların olması bir zərurət idi. Allah Rəsulu sırf dinin hökmləri yaşasın və yayılsın deyə, 53 yaşından sonra bir çox qadınla ailə quraraq bir mənada fədakarlıq etmişdir.
Bəli, Allah Rəsulunun nikahında çoxlu qadının olmasına ehtiyac vardı. Çünki kişilər hər vaxt məsciddə oturub Peyğəmbərimizi dinləyə bilirdilər. Biri ogünkü söhbətləri dinləyə bilməyəndə yoldaşlarından soruşub öyrənirdi. Lakin qadınlar əksəriyyət etibarilə belə bir nemətdən məhrum qalırdılar. Çünki onların hər an Allah Rəsulunu dinləmə imkanı yox idi. Belə olan halda qadınlara, xüsusilə qadına aid məsələləri kim izah edəcəkdi? Allah Rəsulunun şəxsi həyatını, təbiətini, yataq otağına xas ədəb və əxlaqını ümmət necə öyrənəcəkdi? Bir qadın ailə həyatına aid bütün prinsip və əsasları nəql edib ümmətə çatdırmağı bacarardımı?
Qadınların xüsusi halları ilə əlaqədar Rəsulullahın verdiyi bütün hökmləri ümmətə çatdırmaq bir zövcənin işi deyildi! Xeyr, bircə qadının bütün bu məsələləri təkbaşına nəql etməyə gücü çatmazdı.
Ona görə də hər an Allah Rəsulunun məsələlərə münasibətini və bəyanlarını görüb eşidən və bizlərə çatdıran, daima Onun yanında olan çoxlu qadına ehtiyac vardı. Bunun Peyğəmbərimizin bəşəri ehtiyacları ilə heç bir əlaqəsi yoxdur. Tamamilə dinin tələbatından qaynaqlanan bir zərurət idi. Allah Rəsulu da bu zərurətə görə belə bir ağır yükün altına girmişdi.
Bu qadınlar öz qövm və qəbilələri ilə Allah Rəsulu arasında qohumluq bağı olmaqla yanaşı, yüzlərlə, minlərlə hədisin qorunmasında da mühüm rol oynamışdır. Bu, bir həqiqətdir ki, qadın dünyası Allah Rəsulunun xanımlarına çox şey borcludur. Külli xanımlar başlarını səki daşı kimi onların mübarək ayaqları altına qoysalar, yenə onların haqqını qaytara bilməzlər. Bəli, onlar dinə bu səviyyədə xidmət etmişlər.
Demək ki, Allah Rəsulunun onlarla evlənməsi nə cismani ehtiyacdan (çünki Ərəbistan kimi isti bir yerdə 53 yaşına çatmış bir insanın çoxlu qadınla evlənməyə ehtiyac hiss etməsi mümkün deyildir) irəli gəlirdi, nə də xanımların Onunla ailə qurması Onun cismaniyyəti və ya dünya malı ilə əlaqədar idi. Çünki Onun həyatı ən yoxsul insanın həyatından geri qalmırdı. Xanımları da bunu bilə-bilə Ona zövcə olmağa talib idilər. Allah Rəsulu, eyni zamanda, onlarla ədalətli rəftar edir, hər birinə həftədə ancaq bir gün ayıra bilirdi. Lakin əvvəl-axır bütün xanımları Onu: “Gülərüzlülükdə, zövcələri ilə zarafat etməkdə Allah Rəsuluna çatan olmazdı” – sözləri ilə yad etmişdilər.
Sizdən soruşuram, aylarla evdə yeməyə bir şey tapmayan, yarıac-yarıtox dolanan, illərlə eyni paltarları geyinməyə məcbur olan bu qadınlar bir bəşər kimi azacıq da olsa, hiddətlənməli deyildilərmi?! Ancaq, xeyr! Nə onların dilində, nə hərəkətlərində, nə də simasında Rəsulullaha qarşı bir narazılıq ifadəsi olmuşdu! Tarix və siyər kitablarını diqqətlə tədqiq edənlər mənə haqq verəcək.
O, peyğəmbərliyin ruhuna xas heybət və ciddiyyətə baxmayaraq, xanımları ilə zarafat da edərdi. Onlarla xoş vaxt keçirər, deyib gülər, dərdlərinə həyan olardı. Arada incə bir pərdə qalardı ki, bu da Allahla irtibatdan hasil olan üxrəvilik idi, çünki O, bir peyğəmbər idi, xanımları da hər şeydən əvvəl Onun ümməti… Onlar da dünyanı Rəsulullahsız düşünə bilmirdilər və düşünə bilməzdilər də.
Allah Rəsulu Sevda anamızla hələ Məkkədə olanda ailə qurmuşdu. Yəni Onun ikinci xanımı Həzrət Sevda anamızdır. Səbəbini bilmirik, ancaq bir dəfə Allah Rəsulu onu nikahından çıxarmaq istəmişdi. Qadın bunu eşidəndə, elə bil, başına qaynar su tökülmüşdü. Dərhal Allah Rəsulunun hüzuruna gəlmişdi. Hətta araya adamlar salıb yalvarmışdı: “Ey Allahın Elçisi! Səndən heç bir dünya malı istəmirəm. Mənə ayırdığın günü də Aişəyə verirəm. İstəsən, ömür boyu hal-əhval tutmaq üçün də yanıma gəlmə. Amma nə olar, məni nikahından məhrum etmə! Bircə arzum var, o da axirətə Sənin zövcən kimi getməkdir.” Allah Rəsulu Sevda anamızın istəyini yerə salmamış, onu əzvaci-tahiratdan ayırmamışdı.
Budur, Allah Rəsulu onların qəlbində belə bir yerin sahibi idi. Hansı xanımını boşasaydı, başını Onun eşiyinə qoyub qiyamətəcən gözləyərdi.
Rəsulullah Həzrət Hafsa anamızın narahat olduğunu hiss edib: “İstəyirsə, onu nikahımdan çıxarım…” demişdi. Bu sözlər belə Həzrət Hafsanın qol-qanadını qırmağa kifayət etmişdi. Həzrət Cəbrail yer üzünə enmiş, Həzrət Hafsanın çox namaz qıldığını, oruc tutduğunu xatırlatmış və Cənnətdə də Allah Rəsulunun zövcəsi olacağını söyləyib: “Onu ailəndən ayırma!” – demişdi. Rəsulullah da vəfalı həyat yoldaşını səadət dolu ailəsindən məhrum etməmişdi.
Allah Rəsulundan ayrılmaq ölümdən betər müsibətdi, onların nəzərində. Bu hiss bütün xanımlarına hakim idi.. heç biri fərqli düşünmürdü. Çünki İki Cahan Sərvəri onların könlündə əbədi taxt qurmuşdu. O, yumşaq, təbii və fitri həyatı ilə onlarla elə bütünləşmişdi ki, ayrılmaları mümkün deyildi. Onunla nəfəs alırdılar, ayrılsaydılar, ölərdilər.
Həqiqətən də Onun vəfatı həsrət, hicran və hüzn gətirdi. Həzrət Əbu Bəkir və Ömər Allah Rəsulunun xanımlarından hansının yanına getdisə, hıçqıra-hıçqıra ağladığını gördü. Hətta özləri də onlara qoşulub ağladılar və bu göz yaşları bir ömür boyu qurumaq bilmədi.
Allah Rəsulu onların ürəyində belə silinməz izlər qoyub getmişdi. Uzun müddət birlikdə yaşamasalar da, İki Cahan Sərvəri onların ruhu, canı olmuşdu. Elə biz də bu məqamı izah etmək istəyirik. Bəli, O, bir ailə başçısı kimi də Allahın Rəsulu olduğunu hayqırır. Doqquz xanımını bir yerdə, ciddi bir problem olmadan idarə etmişdi. O, məhz bu qədər incə və kamil abir ailə başçısı idi.
Vəfatından bir neçə gün əvvəl: “Qula Rəbbini və ya dünyanı seçməkdə sərbəstlik verildi. O, Rəbbini seçdi” – demişdi. Fətanətli Həzrət Əbu Bəkir bu sözləri eşidincə özünü saxlaya bilməyib hönkür-hönkür ağlamışdı. Anlamışdı ki, o qul Rəsulullahdır. Ağrıları da çox çəkmədi. Xəstəliyi gündən-günə şiddətləndi, baş ağrıları ilə qıvrıldı. Ancaq ağrı-acılar içində də incəlik və nəzakətinə sadiq qaldı. Yeriməyə taqəti olmadığına görə, bir otaqda qalmağa icazə istədi. Bütün xanımları bu arzusuna “Bəli!” dedilər. Allah Rəsulu da son günlərini Həzrət Aişənin otağında keçirdi.
Bəli, ən ağır günlərində belə xanımlarının haqq və hüququna riayət edirdi. O, belə bir könül insanı idi.




Bənzər məqalələr

Ailədaxili rabitəsizlik

Evlilik bir-birinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat deməkdir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, müxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik içərisində iki canda bir ürək olmağı bacarmaq, əlbəttə, çətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə çətinlikləri dəf etmək vaxt tələb edir.

Necə ad qoymalı?

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.

İkili standart və sən-mən

Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin ucunu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kələfin ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar. Ancaq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Muhammədin (s.ə.s) zəkası, Hz. İsanın (ə.s) dözümü, Hz. Musanın (ə.s) iradəsi, Hz. Nuhun (ə.s) uzaqgörənliyi, Hz. Əyyubun (ə.s) səbri, Hz. Lutun (ə.s) mətanəti gərək.

Yeni ailənin ilk illəri

Nəbilər Sərvəri (s.ə.s): “Sənə faydalı olan şeyin arxasınca get və onu əldə etmək üçün Allahdan kömək dilə. Əsla acizlik etmə. Başına bir iş gələndə də: “Kaş belə edəydim, belə olardı,” – demə. Yalnız: “Bu, Allahın təqdiridir, O dilədiyini edər,” – de. Çünki “kaş” deyib heyifsilənmək şeytana qapı açar, söyləyəni zərərə salar”.

Gərdək gecəsi ədəbi

Gərdək və ya zifaf gecəsi nikah bağlandıqdan sonra ər-arvad olan cütlüyün baş-başa qalacaqları ilk gecədir. İlk dəfə qarşı cinsin nümayəndəsi ilə baş-başa qalacağına görə istər qız, istərsə də oğlan eyni anda həm həyəcanlanır, həm də sevinir. Bu gecədə qorxu, təlaş, sevinc, həyəcan hisləri bir-birinə qarışır. ..


Şərh yaz


(gərəkli)