Aylıq namaz vaxtları
2. 114 dəfə oxunub ,   0 şərh   Çap et

Necə həvəslə almışdı əlindəki kitabı. Məktəbdə müəllimi, mə­həllədə dostları tövsiyə etmişdi. Üstəlik hər gün evinə gələn qəzetdə də kitabın reklamını görmüşdü. Bir neçə gün sonra qəzetdə həftədə bir dəfə çıxan resenziyalarda da həmin kitab haqqında oxuyunca öz-özünə: “Bu kitabı mütləq alıb oxuyacağam,” ‒ demişdi. “Bir də anamla məsləhətləşim,” – deyə ürəyindən keçirmişdi. Doğrudur, valideynlərinin “yox” deməyəcəyinə əmin idi, çünki evə gələn qəzetdə də bu kitabın reklamı çıxmış, hətta haqqında resenziya da yazılmışdı. “Amma yenə də məsləhətləşsəm, yaxşı olar,” – deyə düşünmüşdü. Hər halda özgəsi deyildi. Oxumuş, savadlı, dünya görmüş ana idi. Gümanı düz çıxdı. Anası da həyəcanla: “Get al gətir, səndən sonra mən də oxuyaram,” – dedi. Getdi, öz xərcliyindən yığdığı pulla kitabı aldı və həvəslə oxumağa başladı.

Ancaq bütün bu olanlardan atanın xəbəri yox idi. Nə oldusa, o axşam oldu. Axşam işdən qayıdan ata uşağın əlində həmin kitabı görüncə birdən-birə özündən çıxdı. Aləmi bir-birinə qatıb çığırdı, bağırdı. “Necə ola bilər ki, onun xəbəri olmadan kitab alınır? Necə ola bilər ki, pullar belə sağa-sola xərclənir? O pullar asanmı qazanılır? Özü də ata olanda görəcək! Əgər kitab oxumaq istəyirsə, getsin kitabxanaya, orada o qədər oxumağa kitab var! Əvvəlcə bir onları oxusun”.

Mən nümunə üçün kitab misalı üzərində dayandım. Kitab olmasın, başqa şeylər olsun. Yenə də nəticə dəyişməyəcək. Bu və buna bənzər hadisələrlə, demək olar, hər gün çoxlarımızın evində neçə-neçə qəlb qırılır, neçə-neçə düşüncə zədələnir, neçə-neçə ailənin xoşbəxtliyinə kölgə salınır, bu günləri və gələcəkləri üçün sağalmaz yaralar açılır.
Burada əsl problem nə uşaq, nə xərclik, nə kitab, nə də kitabın­ möv­­zusudur. Əsas məsələ ailədaxili ra­bi­tə­siz­lik­dir. Sizcə, ata çox əsəbiləşsə belə, ananın xə­bə­ri olub-olmadığını, ondan icazə alınıb-alın­ma­dığını soruşmalı deyilmi? Əgər anası­ icazə ve­rib­sə necə? Buna görə də bu misalda ailədaxili ra­bi­təsizliyin qışqırıb-bağırmağa səbəb kimi gös­tərilən şeylərdən daha önəmli olduğunu dü­şü­nürəm. Dolayısilə, əsl problem məhz buradadır.

Bu misalda atanın reaksiyası ya iş yerində bir problemin evə gətirilməsindən, ya daha əvvəl ər-arvad arasında olan incikliyin təsirindən, ya da heç kimə məlum olmayan başqa səbəblərdən qaynaqlana bilər. Lakin bunların heç biri yuxarıdakı reaksiya formasına bəraət qazandırmır.

Lap başdan bunu qəbul etməliyik ki, ailə da­­xilində ər-arvadın hər hansı səbəbdən bir-birindən inciməsi, bir-bi­rini dindirməməsi, hətta ayrı yerdə ge­cə­lə­məsi halları ehtimal da­xilindədir. Haqlı və ya haqsız səbəblərlə baş verən bu kimi hallar tezliklə öz həllini tapmasa, yoluna qoyulmasa, İslami dəyərləri mə­nim­səmiş bir ailə olaraq əvvəlki halını bərpa etməsə, bu prosesin uzan­ması və ya tez-tez təkrar olunması nəticəsində ailənin həyat mo­deli, yaşayış tərzi bu cür davam etsə, belə bir ailədə problemlər heç vaxt sona çatmaz. Ailə həyatında heç cür xoşbəxt ola bilməyən cüt­lüklər, əsasən, nişanlılıq dövrü münasibətlərinin ömür boyu, yəni evlənəndən sonra da bu şəkildə davam edəcəyini zənn edən və fərqli münasibət, ünsiyyət modellərinə hazır olmayan fərdlərdir. Çünki belə fərdlərin xəyallarında qurduğu dünya məhv olmuş, onlar da puça çıxan xəyalların mənəvi sarsıntısı ilə nəinki öz həyat yoldaşlarından, hətta hər kəsdən: ata-anadan, qohum-qardaşdan, dost-tanışdan, dünyadan, hətta öz talelərindən belə küsmüşlər.

Xırda münaqişələrə görə özlərini məhkəmə qapılarına, hakim qarşısına atan, yaxud da intihara hazırlıq görən insanlar, əsasən, belələrinin arasından çıxır.
Bəli, evlilikdən sonrakı münasibətlər evlilikdən əvvəl və ya onun başlanğıcındakı münasibətlərdən çox fərqlidir. Çünki evlilik­ bir-birinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat de­mək­dir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, müxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik içərisində iki canda bir ürək olmağı bacarmaq, əlbəttə, çətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə çətinlikləri dəf etmək vaxt tələb edir. Üstəlik belə ailədə doğulacaq körpə onların həyat tərzini də, həyat anlayışını da, gələcəyə baxışını və ümidini də tamamilə dəyişdirəcək. Ailə həyatının hər günü və hər ili özü ilə bərabər uşaq, iş, ev, xəstəlik və başqa yeni anlayışlar, yeni problemlər gətirir. Bütün bunlar da bəzən anlaşılmazlıqlara, incikliklərə səbəb olur.

Yaxşı, bəs bu halda nə etmək olar? Ər və arvad bu cür halları müm­­­kün qədər tez həll etməyə çalışmalıdır. Münasibətlərinin axarı­na düşməsini, ailə həyatının davam etməsini istəyirlərsə, nəyin bahasına olursa-olsun, bunu etməlidirlər. Yoxsa bu vəziyyəti uzatmaq, “Mən haqlıyam, üzr istəsin, ayaqlarıma düşüb yalvarsın” və s. dü­şün­cələrlə ilk addımı qarşı tərəfdən gözləmək, şübhəsiz, yanlışdır. Üstəlik, ər-arvadın bu halları ana-ataya, dost-tanışa açması, hətta eyhamla hiss etdirməsi ikinci böyük yanlışdır.

Yeganə çıxış yolu ər-arvadın qarşılıqlı anlayış, sevgi və sayğı ilə bir-birinin səhvlərini, xətalarını və bir-birindən gözlədiklərini doğru-dürüst və dost kimi oturub danışmasıdır, bu kimi hallardan çıxış yolu axtarmasıdır. Məsələnin bir diğər yanı da uşaq tərbiyəsi məsələsidir ki, onu da başqa bir məqalədə təkrar ələ alacağıq.




Şərh yaz

*