- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Adiyy ibn Hatəm

Dəlilsiz, araşdırmasız hər hansı bir ideyalogiyanı mənimsəyənlərin qarşılaşacaqları kiçik sarsıntılar nəticəsində tərəddüdə düşmələri, hətta o ideyalogiyadan imtina etmələri mümkündür. Düşünərək, ağıl və mühakimə ilə bir məfkurəni qəbul edənlər isə ideallarına bütün varlığı ilə sarıldıqları və əvvəllər batil inanclarında göstərdikləri səyləri girdikləri haqq dində də müşahidə olunmuşdur.

İslam tarixi bu həqiqətin bir çox nümunələri ilə zəngindir. Məhz İslamiyyətə girdik­dən sonra səhabələr arasında xüsusi mövqe qazanan Adiyy bin Hatəm də bunlardan biridir.

Səxavəti ilə məşhur olan Hatəmi Tainin vəfatından sonra Tayy qəbiləsinin başına keçən oğlu Adiyy xristian idi və dininə çox bağ­lı idi. Öz batil inanclarına bağlı qalan ərəblər Adiyyi qəbul edə bilmirdilər. Ona görə də o çox narahat oldu və başını götürüb Ərəbistan yarımadasını tərk edərək xristiyanlı­ğın geniş yayıldığı Rum ölkəsinə gəldi. Hətta bir rəvayətə görə, İstanbula qədər gələrək  Rum qeysərinin hüzuruna çıxdı.

Bir müddətdən sonra öz-özünə belə de­di: “Bu şəxsin (Hz. Məhəmmədin) yanına nə üçün getmirəm ki?! Əgər yalan danışırsa, mən onu hiss edə bilərəm. Yox, əgər doğru söyləyirsə, ona tabe olaram”.

Bu düşüncəsindən sonra qalxıb Rəsulullahın (s.ə.s) hüzuruna yollandı. Səhabələr Adiyyin qəfildən gəlməsinə çox təəcüblənmişdilər. Rəsulullahla (s.ə.s) aralarında belə bir dialoq oldu:

‒ Ey Adiyy! Müsəlman ol ki, xilas olasın. (Rəsulullah bu sözü üç dəfə təkrarladı.)

‒ Mənim dinim var.

‒ Mən sənin dinini səndən daha yaxşı bilirəm.

‒ Mənim dinimi məndən daha yaxşı necə bilirsən?!

‒ Sən Raqusiyyədən deyilsənmi? Qövmünün dörddə bir qənimətini yemirsənmi? Bu, sənin dinində sənə halal deyil.

Bu söhbətdən sonra Adiyy yenidən ortalıqdan itdi. Onun daxili aləmin­də mənəvi fırtınalar qopurdu. İslamiyyəti qəbul barəsində ar­tıq tərəddüdləri başlamışdı. Bir ay sonra Adiyy yenə Rəsulullahla (s.ə.s) qarşı­laşdı. Rəsulullah (s.ə.s) belə buyurdu:

‒ Mən sənin İslamı qəbul etməyinə nəyinsə mane olacağını görmürəm. Sən düşünürsən ki, bu dinə yalnız zəiflər girir, onsuz da, ərəblər belə şəxsləri öz aralarından uzaqlaşdırırlar. Hirəni görmüsənmi?

‒ Xeyr, görməmişəm, amma haqqında eşitmişəm.

‒ Nəfsim qüdrət əlində olan Allaha and içərəm ki, Allah bu dini mütləq ta­mam­la­ya­caq və hakim edəcək. Elə bir vəziyyət olacaq ki, bir qadın kimsəyə ehtiyac duyma­dan təkbaşına Hirədən gəlib Kəbəni təvaf edəcək. Kisra bin Hür­müzün xəzinələri ələ keçəriləcək.

‒ Kisra bin Hür­müzün xəzinələrimi?!

‒ Bəli, Kisra bin Hür­müzün xəzinələri… Sərvət çoxalacaq. Elə bir vəziyyət olacaq ki, varlı kəslər kömək etmək üçün bir kasıb tapa bilməyəcək.

İllər keçəndən sonra həyat hekayəsini və Rəsulullahla aralarında keçən dialoqu nəql edərkən Adiyy belə demişdir: “Kimsəsiz bir qadının Hirədən gəlib Kəbəni təvaf etdiyinə şahid oldum. Kisranın xəzinələrini ələ keçirməyə gedən əsgəri birliyin başında idim. Nəfsim qüdrət əlində olan Allaha and içərəm ki, üçüncüsü də mütləq olacaq. Çünki bunu Rəsulullah (s.ə.s.) söyləmişdir”.[1]

Adiyy bin Hatəm özündən əvvəl müsəlman olan bacısı Səfana binti Hatəmin də təşviqləri ilə Miladi 630-cu ildə Müsəlman olmuşdu. Rəsuli-Ək­rəmin (s.ə.s.) yanında iki il olmasına baxmayaraq, bir çox hədis rəvayət etmişdir.

Hz. Adiyy atası Hatəmi Tai kimi çox comərd idi. Səhabə arasında hörmətli şəxlərdən biri idi. Rəsuli-Əkrəmin yanına gələndə də Rəsulullah ona çoxlu hədiyyələr verirdi.

O, çox şəfqətli idi. Qarışqalarla belə şəfqətlə rəftar edir: “Bunlar bi­zim qonşularımızdır. Onların da haqqı vardır”, ‒ deyərək qarışqalara yemək ve­rirdi.

İbadətə çox bağlı olduğundan: “Hər bir namaz vaxtını böyük şövqlə gözləyirəm”, ‒ deyərdi.

Hz. Əbu Bəkir zamanında meydana gələn irtidat hadisələrində xəlifəyə sədaqətlə xidmət etmiş və qövmünün hadisələrə qarışmaması üçün səy göstərmişdi.

İraq müharibələrində Xalid bin Vəlidin köməkçisi olaraq böyük qəhrəmanlıqlar göstərdi. Qadisiyyə və Mihran döyüşlərində də Əbu Ubeydənin rəhbərliyi altında əzmkarlıqla döyüşmüşdü.

Uzun müddət öz qəbiləsi arasında, digər səhabələrdən uzaq qalmışdı. Bir gün Hz. Ömərin xəlifəliyi zamanında Mədinəyə gəldi. Onu tanıma­dığını zənn edərək Hz. Ömərə: “Ey Möminlərin Əmri, məni tanımadınızmı?!” ‒ dedi. Hz. Ömər belə cavab verdi: “Sizi heç tanımamaq olar?! Siz ki Cənabi-Haqqın mərhəmətinə layiq görülmüsünüz. Bir çoxları haqq yoldan ayrılarkən siz sabitqədəm oldunuz. Bir çoxları inkar etdikləri halda, siz haqqı təsdiq etdiniz. Onlar xəyanət etdikləri halda, siz sədaqət göstərdiniz. Onlar arxa çevirdikləri halda, siz sinə gərdiniz”.[2]

Tərifdən xoşlanmayan Adiyy bin Hatəm: “Kifayətdir, ey Ömər!” ‒ deyərək Hz. Ömərin sözünü kəsdi.

Adiyy bin Hatəm hicrətin 68-ci ilində Kufədə vəfat etmişdir.

[1] İbn Əsir, Üsdul-Ğabə, III, 393.
[2] İbn Həcər əl-Əsqalani, İsabə, II, 468.