- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Adın uşaq psixologiyasına təsiri

Gündəlik həyatda insanın eşitdiyi hər bir kəlmə, qarşılaşdığı hər bir hadisə onun ruhunda müəyyən təsirlər (izlər) buraxır. Hamıya məlumdur ki, psixoloji problemi olan xəstələrlə psixoloq arasındakı dialoqlar (zamanı istifadə olunan kəlmələr) xəstənin psixologiyasının yaxşılaşmasına, aşmaqda çətinlik çəkdiyi maneələri dəf etməsinə çox faydalı təsir göstərir. Çünki, sözün sehr kimi təsir gücü var. Söz necəliyindən asılı olaraq xitab edilən şəxsə (muxatəbə) bir ox kimi bata da bilər, ona qəlbinə rahatlıq gətirə də bilər. Necə ki, deyiblər, “söz var kəsər savaşı, söz var kəsdirər başı”.

 İnsanın ağzından çıxan kəlmələr onun üz ifadələrinə də birbaşa təsir edir. Bu isə onu göstərir ki, işlətdiyimiz hər kəlmənin özünəxas “enerjisi” mövcuddur. Bu da birbaşa dinləyiciyə təsir edir. Kəlmələrin su üzərindəki təsiri də danılmazdır. Yaponiyalı araşdırmaçı Masaru Emoto suyun molekulyar quruluşunun insanın düşüncələrindən və söylədiklərindən təsirləndiyini təcrübələrlə sübuta yetirib. İnsan orqanizminin də 70%-i su olduğuna görə insan ona deyilən kəlmələrdən asanlıqla təsirlənir. İnsan orqanizmi eşitdiyi kəlmələrin məzmunundan asılı olaraq hər sözə fərqli reaksiya verir.  Özünüzü yoxlaya bilərsiniz: “yağmur” kəlməsinin insan ruhunda oyatdığı təsirlə, “quraqlıq” kəlməsinin oyatdığı təsir eynidirmi? Və ya “çiçək” kəlməsi ilə “tikan” kəlməsini eyni təsir gücünə malikdir? Təbii ki, yox. Sanki hər bir kəlmənin özünəxas “ruhu” mövcuddur. “Çiçək” kəlməsinin “ruhu” ilə “tikan” kəlməsinin “ruhu” da bir-birindən tamamilə fərqlidir.

İnsan bəzən öz adından utanır

İnsanlara verilən şəxsi isimlərin də onlar üzərində müəyyən təsiri var. Bu bir həqiqətdir ki, sözün sehr kimi təsirinin olduğunu, psixoloji problemlərin həllində kəlmələrin (bəyanın) təsir gücünü hamımız qəbul edirik. Bundan hərəkətlə deyə bilərik ki, insan ömrü boyu daşıyacağı, şəxsinə aid səhv seçilən ismin psixoloji qurbanı olar bilər. Şəxsin adının fonetik melodiyası (ahəngi) tələffüz zamanı insan ruhunda narahatlığa səbəb olursa, cəmiyyət tərəfindən xoş qarşılanmırsa və ya neqativ (mənfi) mənaları ehtiva edirsə həmin şəxs ömür boyu özünə xitab edilərkən ruhunda əmələ gələn “dalğalanmaları”, baxanların nəzərindəki mənfi mənaları özü də bilmədən üzərində hiss edəcəkdir. Yəni bir insan ömrü boyu özünə verilən ismin düzgün seçilməməsinin qurbanına çevrilə bilər. Buna görə də valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdırlar.

Adın təkrarının mistik təsiri

Əslində hər insan öz şəxsi isminin “zəngini” və ya “qurbanıdır”. İnsanın qədərinə təsir edən çox əhəmiyyəli ünsürdür daşıdığı ad. Çünki, həmin ad və o adın “ruhu”, sahibinə ömür boyu təsir edəcək. Mələsən, bu gün Almaniyada uşaqlara Hitler adı qoyulmur. İnsanın ömründə ən çox eşitdiyi kəlmənin öz adı olduğunu nəzərə alsaq bunun əhəmiyyətini daha yaxşı başa düşərik. Bir söz nə qədər çox təkrarlansa onun daşıdığı “ruh” həmin şəxsə daha qüvvətli təsir edər.

Ad və xarakter arasındakı əlaqə

Bütün valideynlər öz övladına “ən gözəl” adı qoyduğunu düşünür. Ancaq burada bir xüsusu vurğulamalıyıq, ola bilər ki, uşağa qoyulan gözəl ad onun xarakteri ilə düz gəlməsin.

Nümunə olaraq ABŞ-da uşaq adları üzərində aparılan bir araşdırmada adı “Uğur” olan uşaqların həyatda “uğursuzluqlara” düçar olduğu, üstəlik zərərli vərdişlərə qurşandığı sübut edilmişdir. Əslində “Uğur” adı gözəl ad olmasına baxmayaraq, uşaq üçün uyğun isim deyil. Niyə? Çünki, bu isim uşağı həddindən artıq “hərəkətləndirən” (hərəkətə sövq edən) addır. Yəni uşağa hər dəfə “Uğur” deyə xitab edildikdə, uşaq etiyi işlərin hamısında “uğurlu” nəticələr əldə edəcəkmiş kimi düşünməyə və psixologiyasında “hərəkətləmə” hiss etməyə başlayır. Orta məktəbdə Uğur adını daşıyan bir şagird dərslərində “uğur” qazanmaq məcburiyyətindədir. Əks təqdirdə sinif yoldaşları tərəfindən “Uğur noldu uğursuzluğa məruz qaldın?” şəklində məsxərələrin hədəfinə çevriləcək. Başqa sözlə uşaq öz adının verdiyi motivasiya ilə qabiliyyətləri arasında çıxılmaz vəziyyətdə qalır. Xarakter olaraq insan uğur əldə edə və ya etməyə bilər. Bu isə təbii bir haldır. Mütamadi olaraq mütləq uğur qazanmaq insana xas keyfiyyət deyil. İnsan müvəffəqiyyətlə olduğu kimi müvəffəqiyyətsizliyi ilə də yenə insandır. Belə uşaqlar bir müddət sonra özünə təsəlli vermək üçün bəzi anormal hərəkətlər etməyə başlayır. Bu davranışlar “artıq heç nə vecimə deyil, həyat mənə maraqsızdır” kimi düşüncələrin ortaya çıxması ilə və zərərli vərdişlərə auldə olmaqla nəticələnə bilər. Bütün bunları uşağın ruhunda əmələ gələn sıxıntılardan qurtulma cəhdləri də adlandırmaq olar.

Yuxarıdakı nümumədən də göründüyü kimi Uğur, Aslan, Qəhrəman, Müzəffər, Yamən və s. adları qoyarkən bunun uşağın xarakterinə necə təsir etdiyini də düşünməliyik. Bu adlara uyğun rəftar eləməyə çalışan uşaqların hər an özləri də bilmədən “hərəkətləndiyi” də yaddan çıxarılmamalıdır. Hətta uşağın adıyla onun xarakteri arasında uyğunluq pozulubsa bu uşağın ruhuna mənfi təsir göstərəcək. Bədəncə zəif və ya cılız bir uşağa Qəhrəman adının qoyulması, həmin uşağın ömür boyu psixoloji ziddiyyətlər içində qalacağını və ismindən qaynaqlanan “hərəkətlənmənin” təsirilə yersiz “qəhrəmanlıqlar” etməyə çalışacağını valideynlər bilməlidir. Belə uşağın bıçaqla oynamasını, silahlara həddindən artıq meylli olmasını da bu müstəvidən dəyərləndirmək lazımdır.

Uşaqları cansız varlıq və heyvan adları ilə çağırmaq

Yuxarıda bəzi adların uşağın xarakterinə mənfi təsirindən bəhs elədik. Bunlarla yanaşı bəzən uşaqlara cansız varlıq və ya heyvan adları da qoyulur ki, bu mövzuya da toxunmaq istərdik.

Bu bir həqiqətdir ki, övladına heyvan adı qoyan hər hansı valideyn həmin heyvanın xoşagələn bir xüsusiyyətini bəyəndiyindən və ya cəmiyyətdə çox istifadə olunduğundan dolayı bu adı övladına verir. Ancaq necəliyindən asılı olmayaraq hər hansı heyvanın ismi insana verilirsə, həmin şəxs adını daşıdığı heyvanın sifətlərinə “yiyələnmək” üçün özü də bilmədən var gücü ilə motivasiya olmağa başlayır. Bəzən də elə olur ki, sakit təbiətli uşağa Aslan adı verilir ki, bu da adla xarakter arasında uyğunsuzluqla müşahidə olunur.

Bəzi cansız varlıqların adlarıya da uşağa xitab etmək doğru deyil. Hərəkətli, sosiallığa meylli uşağa Qaya adını vermək nə dərəcədə doğrudur? Bəlkə də valideynlər bu adı qoyarkən “övladım qaya kimi sərt olsun, yıxılmasın” deyə düşünür, qulağa xoş gəldiyinə görə uşağı bu isimlə adlandırırlar. Amma yaddan çıxarmamalıyıq ki, istifadə olunan ada aid xüsusiyyətlər uşağın ruhunda neqativ “hərəkətlənmələrə” səbəb ola bilər.

Uşağa necə ad qoymalı?

Yeni doğulan uşağa gözəl ad qoymaq valideynlərin üzərinə düşən vəzifələrdəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Rəsulullah (s.ə.s) uşaqlarla yanaşı böyüklərin də adlarıyla maraqlanmış, xoşuna gəlməyən bəzi isimləri dəyişdirmişdir. Bununla yanaşı uşaqlara qoyulacaq gözəl adlarla əlaqəli də məlumatlar vermişdir. Buna görə də doğulan uşağa yaxşı adın qoyulması sünnədir. Çünki hədisi-şərifdə “Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!”[1] buyurulmuşdur.

İslam anlayışına zidd olan – Əbdüşşəms (günəşin qulu), Əbdüssənəm (bütün qulu), Firon, Nəmrud, Qarun kimi – adları qoymaq düzgün deyil. Həmçinin uşaqlara Tükəzban, Sənəm kimi adları qoymaq da məsləhət görülmür. Çünki bu adların mənaları heç də yaxşı deyil.

Rəsulullahın (s.ə.s) xoş qarşıladığı və oğlan uşaqlarına da qoyulması tövsiyə edilən adlardan bəziləri bunlardır: Abdullah, Abdurrahman, Muhamməd, həmçinin peyğəmbər adları. Bundan əlavə tarixdə məşhur olan İslam böyüklərinin adları da qoyula bilər. Qız uşaqlarını isə Xədicə, Fatimə, Zeynəb, Aişə, Zəhra, Cəmilə kimi isimlərlə adlandırmaq olar.

Həmçinin valideynlər uşağa ad qoyarkən 10-15 il sonra uşağın öz adıyla fəxr edəcəyi və ya utanacağını da nəzərə almalıdırlar. Bir vaxtlar insanlara qoyulan bəzi adlar var ki, həmin şəxslər bu gün öz adlarından utanırlar. Bu adlara Kombayn, Kolxoz, Traktor adlarını misal vermək olar.

Nəticə etibarilə deyə bilərik ki, adın insan xarakterinə təsiri danılmazdır. Bu səbəbdən də uşağa ad qoyarkən həmin adın milli-mənəvi dəyərlərə uyğunluğuna, həmçinin mənəviyyat böyüklərinin, nümunəvi insanların adlarına üstünlük verilməlidir. Bundan əlavə əvvəllər yaşamış və indi adı xeyirlə anılan insanın adı uşağa qoyularaq həmin şəxsin insan olaraq gördüyü gözəl işləri də uşağa nümunə kimi göstərmək olar. Bu metodla uşağa göstərilən nümunə şəxsiyyət, insan olduğundan səhvləri və doğruları ilə uşağın ruhuna daha xoş təsir bağışlayacaq. Beləliklə də cansız varlıq və heyvan adlarının uşaq xarakterinə mənfi təsirinin qarşısı alınmış olacaqdır.

[1] Əbu Davud, Ədəb, 61; Darimi, İstezan, 59; Əhməd İbn Hənbəl, V, 194.