1. 692 dəfə oxunub ,   0 şərh   Çap et

أُعْطِيتُ خَمْساً لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ، وَجُعِلَتْ لِيَ اْلأَرْضُ مَسْجِداً وَطَهُوراً فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ. وَأُحِلَّتْ لِيَ الْغَنَائِمُ وَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي، وَأُعْطِيتُ الشَّفَاعَةَ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً

Mənə beş şey əta edildi ki, Məndən əvvəl heç kimə verilməmişdir: bir aylıq (uzun) məsafədən (düşmənin ürəyinə) qorxu salmaqla (ilahi) nüsrətə layiq görüldüm. Yer üzü mənə namazgah və təmizlik vasitəsi edildi. Buna görə də ümmətimdən namaz vaxtının girdiyini görən hər kəs (olduğu yerdə) namaz qılsın! Qənimət məndən əvvəl heç kimə halal sayılmadığı halda, Mənə halal buyuruldu. Və mənə şəfaət (haqqı da) verildi. (Yenə məndən əvvəl) hər peyğəmbər yalnız öz qövmünə göndərilirdi, mən isə bütün bəşəriyyətə elçi olaraq göndərildim[1]

Allahın ümumi (külli) mənada hər kəsə, xüsusi mənada da hər ümmətə, hər nəbiyə bir lütfü, bir ehsanı olmuşdur: Həzrət Adəm və övladına seçilmişlik və adları öyrənmə, Həzrət Nuha mübarizə, qətiyyət və əzmkarlıq, Həzrət İbrahimə bir çox nəbiyə ata olma şərəfi, tövhid eşqi və xillət,[2] Həzrət Musaya təlim, tərbiyə, ictimai elmlər, Həzrət İsaya yumşaq davranış, səbir və dözüm, müsamihə (tolerantlıq), şəfqət və məhəbbət, zaman və məkanın sərvəri Həzrət Məhəmməd (s.a.s.) və Onun ümmətinə isə əvvəlki peyğəmbərlərə lütf edilənlərlə yanaşı, iradə, hikmət, müvazinət, uzlaşdırma kimi mükəmməl və cahanşümul keyfiyyətlər bəxş edilmişdir. Bu baxımdan İslam dini digər dinlərə nisbətən mükəlləfiyyət və məsuliyyəti çox olmaqla yanaşı, daha lətif, daha yüksək, daha bərəkətli və daha bəşəridir. Bu da Onun cahanşümul xüsusiyyətlərindən biri sayılır.

İslam Peyğəmbərinin cahanşümul xitabı bu hədisi-şərifdə təsirli, rəngarəng üslubda əksini tapmışdır.

Bu ümumbəşəri din və məfkurənin şərəfli mübəlliğ və ilk təmsilçiləri onun cahanşümul sistemini dünyanın hər tərəfinə yayarkən vəzifə və məsuliyyətlərinin şüurunda idilər. Bütün dünyanı bu parlaq nurla aydınlatmaq üçün cəbhədən-cəbhəyə qaçır, Allah yolunda cihad edir, öldürür, ölür, cənnətə və Camalullaha qovuşma əzmini, ləyaqətini ortaya qoyurdular. Baş qoyduqları dava, ideal uğrunda həyatı heç sayır, Allahla mülaki[3] olma arzusu ilə alışıb-yanır və yer üzü xəlifəliyini gerçəkləşdirməyə çalışırdılar. Dünya həyatını axirət mehvərində yaşayan, cismi burda, ruhu o biri aləmlərdə olan bu insanlarla döyüşməyə heç kimin gücü çatmazdı. Özlərini belə təhlükəyə atanları, yəni bu iman əhli ilə düşmən kimi qarşı-qarşıya gələnləri də məsafələri aşan bir qorxu hissi çulğalayar, tir-tir titrədər və elə yolun başındaca sarsıdardı. Üstəlik, iman cəbhəsinin Allah qarşısında təzimi möminlərdə bir məhabətə dönmüşsə… Həqiqi imanı əldə edənlər üçün نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ (bir aylıq məsafədən düşmənin canına qorxu salmaq) necə dəhşətli bir silah, necə möhkəm bir qaladır…

Yer üzünün bu ümmət üçün bir məscidə çevrilməsi, hər müsəlmanın istədiyi yerdə, məbədə, namazgaha ehtiyac duymadan ibadət edə bilməsi, qiyamətədək davam edən cihadın daima maneəsiz həyata keçirilməsi üçün qənimətin qanuni (caiz) olması, Rəsulullahın axirətdə “şəfaəti-uzma” ünvanı ilə müəyyən mənada hər kəsin əlindən tutması və başqa nəbilərdən fərqli olaraq təkcə öz qövmünə deyil, bütün insanlara peyğəmbər göndərilməsi İslam dininin ümüumbəşərliyinin göstəriciləridir.

Sözügedən hədisi-şərifdə təfərrüata varmadan bu xüsusları da görmək mümkündür:

a. Peyğəmbərlik və Onunla gələn bəyan elə ilahi bir lütfdür ki, onun cəhd və səy göstərməklə əldə edilməsi mümkün deyildir.

b. Bu beş xüsusiyyət tamamilə Həzrət Məhəmmədə xas olub Ondan başqa heç bir nəbi və rəsula verilməmişdir.

c. Müəyyən məsafədən düşmənlərin ürəyinə qorxu salmaq Rəsulullaha xas məziyyət və ancaq o iqlimdə (dairədə) yaşayanlara ilahi bir ərmağandır.

ç. İbadətin məbədlərdən və din xadimlərindən asılı  olmaması isə bu dinin cahanşümul yönünü təşkil etməklə yanaşı, hər yerdə, hər vaxt Allaha yönəlişin, ibadətin asanlığını ifadə edir. Burada İslam bəyanı ilə gələn digər bir xüsus da su kimi torpağın da təmizləyici keyfiyyətə malik olmasıdır. Bilmirəm, İslamda yuyunmağın əhəmiyyəti, suyun təmizləmə və həyat vermə, torpağın çürütmə xüsusiyyətləri mövzusuna toxunmağa ehtiyac varmı?!

d. Qənimət mahiyyətcə haram olmamış, qadağa müəyyən dövrə qədər ilahi imtahan məqsədi daşımış, Rəsulullahın zamanında isə qadağa səbəbləri aradan qalxmış və qənimət halal buyurulmuşdur.

ə. Şəfaətin haqq olması, Allahın izni ilə hər kəsin şəfaət edə biləcəyi, ancaq ehtivası, əhatə və keyfiyyəti etibarilə bir mənada hər kəslə bağlı olan şəfaəti-uzmanın (böyük şəfaət) yalnız Ona lütf edilməsi də yenə Peyğəmbərimizə xas xüsusiyyətlərdən biri və təbii ki, bizim üçün də iftixar və sevinc səbəbidir…

f. Əvvəlki peyğəmbərlərin yalnız qövm və qəbilələrinə, Peyğəmbərlər Sultanının isə bütün bəşəriyyətə, hətta bütün varlığa Rəsul olaraq göndərilməsi müxtəlif toplum (cəmiyyət) və qəbilələrə göndərilən peyğəmbərlərin elçiliyinin o toplum və qəbilələrin ömründən asılı olmasının əksinə, bütün varlığa göndərilən bu böyük risalətin[4] dünya durduqca yaşayacağını göstərir.

[1]Buxari, Təyəmmüm 1; Müslim, Məsacid 3.

[2]Fədakar Allah dostu

[3]Kəlmə kəsmək, danışmaq, görüşmək

[4]Allah Rəsulunun peyğəmbərliyinin




Şərh yaz