2. 073 dəfə oxunub ,   0 şərh   Çap et

 

Əsri-səadətdə insana verilən dəyər

Quran və səhih sünnənin ruhuna nüfuz etdikdə bəzi xüsusi hallar istisna olmaqla orada yalnız müsamihə[1] görürük. Bu müsamihənin telləri əhli-kitaba, hətta bütün insanlara qədər gedib çıxırdı.

Məkkəli müşriklər Rəsulullahın (s.ə.s) gətirdiyi dini qəbul etmək istəmir, üstəlik bununla kifayətlənməyərək müsəlmanlara əzab-əziyyət verirdilər. Buna görə də Hz. Peyğəmbər (s.ə.s) on üç il İslamı təbliğ elədiyi Məkkədən Mədinəyə hicrət eləmək məcbutiyyətində qalmışdı.

Həmin dövrdə Mədinədə müşrik və yəhulilərlə yanaşı az sayda xristianlar da mövcud idi. Yəni şəhər müxtəlif əqidəyə mənsub insanlardan ibarət qarışıq cəmiyyəti xatırladırdı. Hz. Peyğəmbər (s.ə.s) şəhərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə müxtəlif etnik və dini qruplardan meydana gələn bu ictimai quruluşun idari yöndən müəyyən bir sistemə tabe edilməsinin vacibliyini düşünürdü. O (s.ə.s) bu məqsədlə hicrətdən dərhal sonra mühacirlərlə ənsarı bir-biri ilə qardaş elan elədi[2]. Bədr müharibəsindən sonra isə müsəlmanlarla yəhudilər arasındakı münasibətləri tənzimləyən müqavilə tərtib edilərək tətbiq olunmağa başladı[3].

Hz. Peyğəmbər (s.ə.s) bu müqavilədə xristian və yəhudilərə verdiyi haqlarla birlik və bərabərliyi təmin etdi. Üstəlik onları Özünə tərəf çəkərək əbədi düşməni olan Bizansdan, Sasanilərdən və Qureyşdən uzaqlaşdırdı. Beləcə yəhudilər uzun müddət müsəlmanların himayəsi və rəhbərliyi altında əmin-amanlıq şəraitində yaşadılar.

Cəmi 47 maddədən ibarət olan müqavilə mətninin 24-47-ci maddələri yəhudilərlə müsəlmanlar arasındakı əlaqələri tənzimləyirdi. Xüsusilə müqavilənin 25-ci maddəsindəki bu ifadələr olduqca diqqətçəkicidir: “(Mədinə) yəhudiləri möminlərlə birlikdə bir ümmətdir (topluluqdur). Yəhudilərin dinləri özlərinə, möminlərin dinləri də özlərinə aiddir. Bu hökm həm özləri, həm də müttəfiqləri üçün keçərlidir”. Bu maddə ilə yəhudilərə dini və hüquqi muxtariyyətlə yanaşı dinlərini istədikləri kimi yaşama haqqı da verilirdi[4].

İslamı təbliğ cəhdi

Hz. Peyğəmbər (s.ə.s) bir tərəfdən şəhərdə təhlükəsizlik və əmin-amanlığı təmin etmək üçün bu addımları atır, digər tərəfdən də dini təbliğ vəzifəsini yerinə yetirməyə çalışırdı. Hələ Mədinəyə hicrətinin ilk günlərindən etibarən Rəsulullah (s.ə.s), yəhudilərin özünü müjdələnən peyğəmbər olaraq qəbul edəcəyini umurdu. Lakin yəhudilər Onun bu çağırışına müsbət cavab vermədilər. Ancaq yəhudi din adamlarından olan Abdullah ibn Salam (r.a) Hz. Peyğəmbərin (s.ə.s) Mədinəyə gəldiyini eşidən kimi yanına gəlmiş və ona bəzi suallar verərək peyğəmbər olub-olmadığından əmin olmaq istəmişdi[5]. Suallarını vermiş və gözlədiyi cavabları aldıqdan sonra tərəddüd etmədən iman gətirmişdi.

Abdullah ibn Salam (r.a) yəhudilərin xarakterinə yaxından bələd olduğuna görə üçün onların davranışlarına qarşı əvvəlcədən Hz. Peyğəmbəri (s.ə.s) məlumatlandırmaq istəyirdi. Allah Rəsulunun hüzuruna gələrək: “Ey Allahın peyğəmbəri! Yəhudilər insanı heyrətləndirəcək dərəcədə asanlıqla yalan söyləyən, heç gözlənilməyən anda əsassız iftiralar atan bir topluluqdur.  Sənə qarşı da belə rəftar etməyə çalışacaqlar. İstəsən, onları sınaya bilərsən” – dedi. Daha sonra Abdullah b. Salam (r.a.) “Ya Rəsulullah, məni bir yerdə gizlədin və Mədinədə nə qədər Yəhudi alimi varsa, hamısını çağırın. Sonra da onlardan məni və atamı necə tanıdıqlarını soruşun. Şübhəsiz cavabları müsbət olacaq. Sonra da mən gizləndiyim yerdən çıxıb müsəlman olduğumu elan edim”, – deyə təklif etdi. Allah Rəsulu də bu təklifi qəbul etdi. Abdullah b. Salam evin bir yerində gizləndi. Gələn Yəhudi alimləri yerlərinə keçdilər. Peyğəmbərimiz soruşdu: “Siz Abdullah b. Salamı və atasını necə tanıyırsınız?” Cavab verdilər: “O və atası bizim aramızda ən bilikli və ən şərəfli insanlardandır”. Allah Rəsulu: “O, məni təsdiq etsə, siz nə deyərsiniz?” – deyəndə isə:

– Mümkün deyil, ola bilməz – dedilər. Elə bu əsnada da Abdullah b. Salam (r.a.) gizləndiyi yerdən çıxdı. Şəhadət gətirib Allah Rəsulunun peyğəmbərliyini təsdiq etdi.

Çaşıb qaldılar və bir az əvvəlki sözləri inkar edib: “O, bizim aramızda ən şərli insandır və ən şərli adamın oğludur”, – dedilər. Peyğəmbərimiz (s.a.s.) bu ikiüzlülərin hüzurunda daha çox qalmasına izin vermədi[6]. Abdullah ibn Salam: “Ey Allahın peyğəmbəri! Sənə söyləmək istədiyim şey bu idi. Qorxduğum şey başıma gəldi”, − deyə heyfsiləndi.[7]

Yəhudilərlə yaşanan gərginlik

Hz. Peyğəmbər (s.ə.s) yəhudilərin öz əqidələrinə də zidd olan bu davranışları qarşısında ümidsizliyə qapılmamış, hər fürsətdə onları İslama dəvət etmişdi. Təbii ki, onun bu cəhdləri bir çox münaqişə və polemikanın ortaya çıxmasına da səbəb olmuşdu. Hicrətdən doqquz ay sonraya qədər heç bir qarşıdurma olmadan bu vəziyyət davam elədi[8]. Bu müddət ərzində məkkəli müşriklər də boş dayanmır, Mədinədə yaşayan münafiqlərin rəhbəri Abdullah ibn Übeyyin vasitəsilə şəhərdə qarışıqlıq salmağa çalışırdılar. Hətta onları Hz. Peyğəmbərə (s.ə.s) qarşı gəlməyə məcbur edir və savaşmayacaqları təqdirdə Mədinəyə hücum edəcəkləri ilə təhdid edirdilər[9]. Getdikcə münasibətlər pozulur və yəhudilərin azğınlıqları artırdı. Bu səbəbdən bir gün müsəlman qadınlardan biri alış-veriş üçün yəhudi tacirlərinə məxsus Qaynuqa bazarındakı zərgər dükanına girmişdi. Dükanda olan  yəhudi gənclər ona söz ataraq örtüyünü açmağa çalışdılar. Qadın müqavimət göstərdiyindən ona qarşı fənd işlədərək örtüyünü açmağı bacardılar. Bunu görən səhabələrdən biri müdafiəsiz qadının imdadına yetişdi. Dərhal vəziyyətə müdaxilə edərək zərgəri öldürdü, özü isə şəhid edildi[10].

Bu hadisə müsəlmanların səbir kasasını daşıran sonuncu damla olmuşdu. Yəhudilər bu davranışları ilə müqaviləni pozmuşdular. Qaynuqalıların qalaları mühasirəyə alındı, mühasirə on beş gün davam etdi və sonda təslim oldular. Bu sırada Hz. Peyğəmbər (s.ə.s) məsciddə toplanmış səhabələrinə: “Haydı, yəhudilərin üzərinə hücum edirik!” − deyə səsləndi. Qərarın açıqlanacağı yerə-Beytül-Midrəsə getdilər. Hz. Peyğəmbər (s.ə.s) əvvəlcə onlara: “Ey yəhudi topluluğu! İslamı qəbul edin ki, təhlükəsizliyiniz təmin olunsun!” − deyərək İslama dəvət etdi. Dəvəti qəbul etmədilər. Sonra onlara belə səsləndi: “Bunu yaxşı bilin ki, yer üzü Allaha və Peyğəmbərinə aiddir. Mən artıq sizi bu bölgədən çıxarmaq istəyirəm. Sizlərdən kimin nəyi varsa, onu satsın. Əgər sözümü dinləməsəniz, bunu yaxşı bilin ki, yer üzü Allaha və Peyğəmbərinə aiddir”[11]. Yəhudilər müsəlmanlarla bağladıqları müqaviləyə xəyanət edib qan axıtmış[12] və qarşılığında da sürgünlə cəzalandırılmışdılar.

Yenə də müsamihə və hörmət

Verdikləri sözdə durmayaraq Mədinədəki sabitliyi pozmağa çalışan yəhudi qəbilələri bir-bir şəhərdən sürgün edildi. Bununla əhdlərinə xilaf çıxaraq şəhərdəki ictimai nizamı pozmağa çalışanlar zərərsizləşdirildi. Amma hər hansı bir siyasi fəaliyyətə qatılmayan, sadəcə, ticarətlə məşğul olub dinc yaşayan yəhudilər də vardı ki, bunlar müsəlmanlarla birlikdə yaçamağa davam elədilər. Onlar heç bir təzyiqə məruz qalmır, əksinə Rəsulullahın əmri ilə hər il əldə olunan qənimətlərdən özlərinə pay verilirdi. Məsələn, Mədinədə yaşayan Bəni-Üreyd yəhudilərinə beytülmaldan (xəzinədən) önəmli miqdarda hədiyyələr veriləcəyinə dair Hz. Peyğəmbərin (s.ə.s) fərmanı mövcuddur[13].

Bununla yanaşı hicri 11-ci ilə qədər hələ də Mədinədə varlı yəhudi tacirləri yaşayırdı. Hz. Peyğəmbər (s.ə.s) dünyadan köçəndə Onun zirehli paltarı Mədinədə ticarətlə məşğul olan Əbüşşəhm adlı yəhudidən aldığı borca əvəz kimi girov olaraq saxlanılırdı[14].

Hz. Peyğəmbər (s.ə.s) hər vəziyyətdə müxtəlif inanc qrupları arasında mədəni münasibətlərin inkişafına çalışır, nümunəvi davranışları ilə bunu göstərirdi. Məsələn, bir gün səhabələri ilə birlikdə oturarkən yanından bir yəhudi cənazəsi keçmiş və O (s.ə.s) da hörmət əlaməti olaraq dərhal ayağa qalxmışdı. Səhabələr Hz. Peyğəmbərə (s.ə.s) onun bir yəhudi cənazəsi olduğunu xatırlatdıqda: “(Nə fərqi var) bu da (vaxtilə canlı) bir insan deyilmi?” − deyə cavab vermişdi[15]. Onun (s.ə.s) bu davranışı istənilən şəxsə məhz insan olduğuna görə hörmət göstərməyin vacib olduğunun ən gözəl nümunəsidir.

Bu tarixi faktlar göstərir ki, yəhudilər müşriklərlə müttəfiq olmasa, şəhərin ictimai nizamını pozmağa çalışmasa və müqavilənin şərtlərinə əməl etsəydilər Mədinədən çıxarılmazdılar. Onlar vaxtilə əvvəlki peyğəmbərlərlə pis davrandıqları kimi Hz. Peyğəmbərlə (s.ə.s) də yaxşı rəftar etmirdilər[16]. Hz. Peyğəmbər (s.ə.s) özünün Mədinəyə hicrətindən narahat olan yəhudilərə qarşı olduqca yaxşı rəftar etmiş və bu müsamihəli davranışı ilə müəyyən razılığa gələrək onlarla birlikdə yaşamaq istədiyini bildirmişdi. Onları dini mövzularda ortaq kəlməyə (“Allahdan başqasına ibadət etməyək, Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi özümüzə ilah qəbul etməyək!”) səsləmiş,[17] əvvəlki illərdə haqqında ilahi əmr gəlməyən mövzularda onların şəriətinə uyğun əməl etmiş, namaz qılarkən bir müddət üzünü Beytül-Məqdisə (Qüdsə) tərəf çevirmiş[18] oruc tutduqlarını görüncə səbəbini soruşmuş və Allahın Hz. Musa (ə.s) ilə İsrail övladlarını Fironun zülmündən xilas etdiyi günün xatirəsinə oruc tutduqlarını öyrənincə bu orucun tutulmasını əmr etmiş[19], əhli-kitab sayıldıqları üçün Allahın onların kəsdiklərindən yeməyi və iffətli qadınları ilə evlənməyi mübah (caiz, halal) qıldığını bildirmiş[20] və yeri gəldikcə İsrail övladlarına aid qissələri nəql etmiş və bunda bir problem görməmişdir.[21] Amma Hz. Peyğəmbər (s.ə.s) bu xoş niyyətli və müsamihəli davranışına rəğmən, təəssüf ki, yəhudilərdən mədəni rəftar görə bilmədi. Mədinə şəhər-dövlətində əmin-amanlıq və sakitlik yalnız onların sürgün edilməsi ilə təmin edildi.

Xristianlarla görüş: Hörmətin hüdudları

Mədinədə yəhudilərlə müsəlmanlar arasında baş verənlər İslama dəvət nöqteyi-nəzərindən gözlənilən formada olmadı. Amma Hüdeybiyyə sülh müqaviləsindən sonra Ərəbistan yarımadasında yaşayan qəbilələr Mədinəyə axın etməyə başladılar. Bunlardan bəziləri İslamı qəbul etmək, bəziləri Hz. Peyğəmbərdən (s.ə.s) dini öyrənmək, bəziləri də Mədinədəki əmin-amanlığı  yerində araşdırmaq məqsədi ilə Mədinəyə gəlirdi. Bu səbəbdəndir ki, hicri 9-cu il (miladi 630-cu il) “sənə əl-vüfud” (“heyətlər ili”) adlandırılırdı. Hz. Peyğəmbərin (s.ə.s) şəhəri müxtəlif inanc və adətlərə sahib olan insanlara ev sahibliyi edirdi. Nəcran xristianlarından Bəlharis qəbiləsinin mənsubları da bunlardan biri idi.

Hz. Peyğəmbər (s.ə.s) məsciddə səhabələri ilə birlikdə ikindi namazını yenicə qılmışdı ki, on dörd nəfərdən ibarət Nəcranlı heyət gəldi. İbadət etmək istədiklərini bildirərək bunun üçün izin istədilər. Bəzi səhabələr onların bu istəyinə etiraz etsə də, Hz. Peyğəmbər (s.ə.s) məscidin bir kənarında onların ibadət etməyinə icazə verdi. Nəcranlılar şərqə tərəf yönələrək ibadət edirdilər. Hz. Peyğəmbər (s.ə.s) o gün onlarla görüşmək istəmədi. Ertəsi gün nəcranlıların başçısı Əbu Harisə ilə Əbdülməsihi İslama dəvət etdi. Onlar bu dəvəti qəbul etməyib müxtəlif suallar verərək mübahisəyə başladılar[22]. Mübahisə və müzakirə xeyli vaxt apardı. Bu əsnada Hz. Məryəmin və Hz. İsanın (ə.s) şəxsiyyəti və xristian əqidəsinə dair bir çox məsələ haqqında danışıldı. Ali-İmran surəsinin ilk səksən ayəsi bu görüşmə müddətində nazil oldu. Nəcranlılar verilən cavablarla heç cür qane olmurdular. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) onları nazil olan ayəyə əməl edərək mübahiləyə dəvət etdi[23]. Mübahilə dini bir məsələnin qarşılıqlı müzakirə ilə həll edilmədiyi hallarda məsələni həll etmək üçün hər iki tərəfin haqsız olana Allahın lənətinə uğramağı diləməsidir. Bu ayədə belə ifadə edilmişdir: “Sənə gələn bu qədər elmdən sonra onun haqqında səninlə mübahisə edənlərə de: “Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra qarşılıqlı mübahilə edək-yalan söyləyənlərə Allahın lənətini diləyək!””[24].

Nəcran heyəti öz aralarında məsləhətləşdikdən sonra mübahilədən imtina etdilər və müqavilə bağlayıb cizyə verməyə razı oldular. Özləri ilə etibarlı adamın göndərilməsini istədilər. Hz. Peyğəmbər (s.ə.s) öz aralarında baş verən anlaşmazlıqlarda hakimlik etmək üçün Əbu Übeydə ibn Cərrahı (r.a) onlarla göndərdi[25]. Nəcranlılar bu görüşdən sonra Hz. Peyğəmbərlə (s.ə.s) sülh müqaviləsi bağlayaraq Mədinədən çıxdılar. Müqaviləyə görə, nəcranlılar müəyyən məbləğdə vergini (cizyə) ödəyəcək, əvəzində zülm etməyəcək və zülmə də məruz qalmayacaqdılar. Canları, malları, dini həyatları və adət-ənənələri Allahın və Hz. Peyğəmbərin (s.ə.s) himayəsi altında olacaqdı. Mülkləri, ailələri və məbədləri hər cür təhlükədən qorunacaqdı. Heç kim dini vəzifəsindən və rütbəsindən, rahiblikdən məhrum edilməyəcəkdi. Öşr verməyəcək, hərbi xidmətə çağrılmayacaq və torpaqlarına heç bir ordu ayaq basmayacaqdı. Bu şərtlərə riayət etdikləri müddətcə əmin-amanlıq şəraitində yaşayacaqdılar[26].

Bu müqavilənin mətni də göstərir ki, Hz. Peyğəmbər (s.ə.s) Nəcran xristianlarının şəxsində qeyri-müsəlmanlara mükəmməl bir din və vicdan azadlığı vermiş və onların müqəddəslərinə göstərdiyi hörməti yazılı sənədlə təminat altına almışdı. Qeyri-müsəlmanlar müqaviləyə sədaqət göstərib onun şərtlərinə riayət etdikləri müddətcə sülh müqaviləsi qüvvədə qalmış, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam etmişdilər. Amma verdikləri sözə əməl etməyərək əhdlərindən döndükdə müxtəlif şəkildə cəzalandırılmışlar. Məsələn, Nəcran xristianlarından bəziləri əhdlərinə sadiq olmadıqları üçün Hz. Ömər dönəmində İraqa sürgün edilmişdir.[27] Əhdlərinə sadiq olanlar isə müəyyən haqlara sahib olaraq müsəlmanlarla birlikdə yaşamağa davam etmişdir. Hz. Peyğəmbərin (s.ə.s) vəfat edəndən sonra Nəcran qumaşından hazırlanmış kəfənə bükülməsi də münasibətlərin davam etdiyini göstərmək baxımından diqqəti cəlb edir[28].

Qeyri-müsəlmanların hamısı eyni deyil

Hz. Peyğəmbər (s.ə.s) təbliğinin ilk illərində, Məkkə müşriklərinin amansız müxalifəti qarşısında, sosial həyatın bir çox sahəsində əhli-kitaba zidd davranmışdı. Əhli-kitabın vəhy dili və peyğəmbərlik ənənəsinə sahib olması,[29] onlarla asanlıqla münasibət qura biləcəyini göstərirdi. Amma Mədinədə əhli-kitabla yaşanan hadisələr bu gözlənilənin əksinə oldu. Çünki yaşanan hadisələr açıq-aydın göstərirdi ki, həm yəhudilər, həm də xristianlar müsəlmanları öz dinlərinə tabe etmədikcə (peyğəmbərdən) razı qalmayacaqlar[30].

Bununla yanaşı yenə də əhli-kitabın “hamısı eyni deyildi, aralarında Allahın ayələrini dinləyən, doğru yolu tutan və yaxşılıqda örnək olan  kəslər də vardı”[31]. Bu baxımdan yəhudilərlə müqayisədə xristianların vəziyyəti daha yaxşı hesab edilirdi: “İnsanlar arasında iman gətirənlərin ən böyük düşmənlərinin yəhudilərlə müşriklər, onları ən çox sevənlərin isə “Biz xristianıq” deyənlər olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürdən uzaqdırlar[32]. Hz. Peyğəmbər (s.ə.s) İslama dəvətdə təşviqedici olması baxımından əhli-kitab arasındakı bu fəzilətli insanların həm öz peyğəmbərlərinə, həm də son peyğəmbər olaraq Özünə göndərilən ilahi mesajları qəbul etsələr iki qat mükafat əldə edəcəklərini də bildirmişdir[33].

Xristian cəmiyyətinin peyğəmbərlərinə və rahiblərinə qarşı nümayiş etdirdikləri ifrat təzim (ucaltma) hisləri zaman-zaman onların tanrılıq mərtəbəsinə ucaldılmalarına yol açmışdı[34]. Xristianlıqdan dönüb İslamı qəbul etmiş Ədyy ibn Xatim xristianlıqda belə bir şey olmadığını söyləyərək etiraz etmiş, amma Hz. Peyğəmbərin (s.ə.s) “Bəli, onlar (zahirdə) rahiblərinə və xaxamlarına tapınmır, amma (onları tanrı hesab edərək) halal etdiklərini halal, haram etdiklərini də haram sayırdılar (ki, bunun da Allahı qoyub başqalarını tanrılaşdırmaqdan fərqi yoxdur)”[35] sözləri ilə şübhələri aradan qalxmışdı. Bundan başqa, Hz. Peyğəmbər (s.ə.s) vəfat etməzdən öncə də bu amili vurğulamış və keçmiş ümmətlərin peyğəmbər qəbirlərini məscidə çevirməklə onları tanrılaşdırdıqlarını ifadə edərək səhabələrini bu mövzuda diqqətli olmağa çağırmışdı: “Allah peyğəmbərlərinin qəbirlərini məbədə çevirən yəhudi və xristianlara lənət etsin![36].

Hz. Peyğəmbər (s.ə.s) yeni bir cəmiyyəti formalaşdırarkən yəhudi və xristianlara bənzəməməyə, inancdan ibadətə, ibadətdən əxlaqa qədər həyatın bütün sahələrində özünəməxsus bir cəmiyyət formalaşdırmağa çalışmışdır. İslam cəmiyyətinin özünəməxsus dəyərlər qazanmasının vacibliyinə dair “Kim hansı qövmə bənzəyərsə, o da o qövmdən sayılar”[37] − buyuraraq bu mövzuda ümmətini həssas olmağa çağırmışdır. Amma bununla yanaşı ümmətinin zaman keçdikcə öz kimliyindən (müsəlmançılıqdan) uzaqlaşaraq yəhudi və xristianların yoluna uyacağını da vurğulamışdır[38]. Hz. Peyğəmbər (s.ə.s) xüsusən yəhudi və xristian adətlərinə zidd davranmaq mövzusunda namaza çağırmaq üçün boru və zəng səsindən  istifadə etmək əvəzinə azanı əmr etmiş[39], məscidlərin kilsələr kimi bəzədilməsinə icazə verməmiş[40], sübh namazının vaxtını təyin edrəkən xristianlara zidd davranmağı məsləhət görmüşdür.[41] Onlara bənzəməmək üçün saçların boyanması,[42] salamlaşma[43] və yemə-içmə adətləri[44] kimi ictimai həyatın bir çox sahəsində başqalarına bənzəməməyin vacibliyini bildirmişdir.

Nəticə: Birlikdə yaşamanın əsasları

Hz. Peyğəmbər (s.ə.s) təqribən 25 illik peyğəmbərlik həyatı boyunca müxtəlif inanc, mədəniyyət və sosial təbəqələrə mənsub insanlarla birlikdə yaşamış, onlarla yaxından tanış olmaq fürsəti əldə etmişdi. Bu tanışlıqdan sonra isə bəzən onların davranışlarını doğru hesab etmiş, bəzən tənqid etmiş, bəzən onlarla mübarizə aparmış, bəzən də istəmədən döyüşmək məcburiyyətində qalmışdır. O (s.ə.s), hadisələrin gedişatına uyğun hərəkət edirdi. Əlbəttə, Hz. Peyğəmbərin (s.ə.s) bu mərhələdə tutduğu yol Quranın bəşəri və ictimai münasibətlərdə üstün tutduğu haqqı, ədaləti, insanlıq heysiyyətini, əxlaqiliyi və fəzilətliliyi əsas tutan uca və ümumbəşəri bir yoldur. Hz. Peyğəmbər (s.ə.s) müxtəlif inanc qrupları ilə qurduğu bütün münasibətlərdə həmsöhbətlərini İslama dəvət etmiş, müxtəlif vasitələrlə bu vəzifəni həyata keçirmişdir. Hz. Peyğəmbər (s.ə.s) bu vəzifəyə riayət edərkən həmsöhbətlərini əsla nəyəsə məcbur etməmiş, onlara nəsihət edib hikmət və gözəl öyüdlə dəvət etmək surətilə ən gözəl və ən insani üsuldan istifadə etmişdir. Eləcə də, Hz. Peyğəmbər (s.ə.s) insanın doğuşdan etibarən qazandığı hüquqlara hörmət prinsipinə də riayət etmiş və heç cür ayrı-seçkilik etmədən onların qorunmasına həssas yanaşmışdır. Din və vicdan azadlığı da Onun sayəsində əsas hüquqlardan biri kimi dəyər qazanmışdır. Bunun sayəsində qeyri-müsəlmanlara İslam torpaqlarında inanc və ibadətlərinə uyğun sərbəst yaşamaq haqqı verilmişdir. Hz. Peyğəmbər (s.ə.s) çətin vəziyyətlərdə belə ən gözəl şəkildə mübarizə aparmış və mübarizədə əxlaqilik və fəzilətlilik prinsipinə riayət etmişdir. Cəmiyyətlərarası münasibətlərdə diqqət göstərilməsi vacib olan ən əsas prinsipin əhdə vəfa olduğunu vurğulayaraq qeyri-müsəlmanlarla bağladığı müqavilələrə riayət etməyi insani və dini bir vəzifə saymışdır. Hz. Peyğəmbər (s.ə.s) insani dəyərlərə qeyri-ciddi münasibət bəsləməyə əsla icazə verməmiş, döyüşün qaçılmaz olduğu hallarda belə ədalətli döyüş prinsiplərinə riayət edərək sivil xalqın can və mal təhlükəsizliyinə hörmət göstərməyi, əsirlərə yaxşı davranmağı tövsiyə etmişdir. Döyüşmək məcburiyyətində qalanda isə, savaşmadan, düşməni zəiflətmək, qorxutmaq və ya hücumdan yayındırmaq kimi vasitələrdən istifadə etmişdir. Çünki Ona (s.ə.s) görə sülh və əmin-amanlıq əsas şərt idi.

 


[1] Xoşgörü, insanların düşüncəsinə, inancına tolerant yanaşmaq

[2] Buxari, Kəfalət, 2.

[3] Əbu Davud, Xərac, Fey və İmarə, 21, 22.

[4] Bax: Həmidullah, Məcmuatul-vəsaiqis-siyasiyyə, səh.1-7.

[5] İbn Macə, Ətimə, 1.

[6] Buxari, Ənbiya, 1; Mənaqibül-ənsar, 45.

[7] Buxari, Təfsir, 6.

[8] Buxari, Mərda, 15.

[9]Əbu Davud, Xərac və imarə, 21, 22.

[10]İbn Hişam, Sirə, III, 51.

[11] Buxari, Cizyə, 6.

[12] Bax: Ənfal, 8/58.

[13] Həmidullah, Vəsaiq, s. 29.

[14] Buxari, Büyu, 14; Nəsai, Büyu, 83.

[15] Buxari, Cənaiz, 49.

[16] Qəsəs, 28/48.

[17] Ali-İmran, 3/64.

[18] Bəqərə, 2/143-144; Buxari, Təfsir, Bəqərə, 12,

[19] Buxari, Təfsir, Taha, 2

[20] Maidə, 5/5.

[21] Buxari, Əhadisül-ənbiya, 50.

[22] İbn Sad, Təbəqat, I, 357.

[23] İbn Sad, Təbəqat, I, 357.

[24] Ali-İmran, 3/61.

[25] Buxari, Məğazi, 73.

[26] Əbu Übeyd, Kitab əl-əmval, səh. 244-245; Əbu Davud, Xərac, Fey və imarə, 29,30.

[27] Muvatta, Came, 5.

[28] Əbu Davud, Cənaiz, 29–30.

[29] Bax: Şura, 42/13

[30] Bax: Bəqər,ə 2/120, 135.

[31] Ali-İmran, 3/113–115.

[32] Maidə, 5/82

[33] Əhməd ibn Hənbəl, Müsnəd, V, 259.

[34] Bax: Tövbə, 9/31.

[35] Tirmizi, Təfsirul-Quran, 9.

[36] Müslim, Məsacid və Mövzu-səlat, 19.

[37] Əbu Davud, Libas, 4.

[38] İbn Macə, Fitən, 17.

[39] Buxari, Azan, 1.

[40] Əbu Davud, Səlat, 12.

[41] Əhməd ibn Hənbəl, IV, 349.

[42] Müslim, Libas və zinət, 80.

[43] Tirmizi, İstezan və ədəb, 7.

[44] Tirmizi, Siyər, 16.

Prof. Dr. Osman Günər

http://www.yeniumit.com.tr/konular/detay/asri-saadette-medine-toplumu-ocak-2013



Açar sözləri

əsri səadət mədinə

Bənzər məqalələr

Ümrədən qazancla dönmək

Ümrə ziyarətində hansı ibadətləri etmək lazımdır?

Qalacağı yeni yurd – Mədinə

Bir ikindi vaxtı Allah Rəsulu (s.ə.s.) Nəccaroğulları məhəlləsini tərk edərək Bədrlənmiş ay kimi Mədinədə çıxır.[1]  Hz. Əbu Bəkir arxada, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) isə öndə idi. Artıq Yəsrib Allah Rəsulu ilə eyniləşəcək və “Məhəmmədin şəhəri” mənasında “Mədinətü-Məhəmməd” kimi xatırlanacaq, sonralar da Mədinə adlanacaqdı.[2] Mədinədə böyük bir  bayram yaşanırdı: bəzi gənclər nizələri ilə dairəvi […]


Şərh yaz